Hadisə

DGK-nın vəzifəli şəxslərinin məhkəməsinin vaxtı açıqlandı

DGK-nın vəzifəli şəxslərinin məhkəməsinin vaxtı açıqlandı

Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev, Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, gömrük işləri üzrə mütəxəssis Ceyhun Şabanov, komitənin digər vəzifəli işçiləri - Azər Baxşıyev, Orxan Zöhrabov, Emin Cəlilov, Rəfael Əzizov və Sadiq İsgəndərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Demokrat.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 20-ə təyin edilib.

İttihama görə, Bakı Baş Gömrük İdarəsindən bu ilin mayın 18-də daxil olmuş məlumat əsasında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İdarənin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev, Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə gömrük işləri üzrə mütəxəssis Ceyhun Şabanov, digər vəzifəli şəxslər həbs olunub.

Qeyd edək ki, həbs olunan Azər Baxşıyev Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.

Əlövsət Baxşıyev 20 il Naxçıvan MR-nın Baş naziri olub.

Cinayət işi üzrə Dövlət Gömrük Komitəsi zərərçəkmiş qismində tanınıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az