Daxili siyasət

Böyük zəfər idman qələbələrimizə zəmin yaradacaq — YAZI

Böyük zəfər idman qələbələrimizə zəmin yaradacaq — YAZI

Olimpiadada gözləntilərimiz özünü doğrultmadı. İdmançılarımız nəticə əldə etdi, amma qızıl medalın olmaması təəssüf doğurdu.

Azərbaycan idman ölkəsidir, ölkədə idmanın inkişafı üçün onilliklərdir bütün addımlar atılır. Bunun nəticəsidir ki, idmançılarımız olimpiadalarda daim qızıl medallarla Vətənə qayıdıblar. Beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi də Azərbaycanın idman ölkəsi olduğunun nümunəsidir.

Təbii ki, idmana bu qədər yüksək səviyyədə diqqətin olduğu Azərbaycanın idmançıları Tokio Olimpiadasından qızıl medalsız qayıtması yaxşı hal deyil. Hamımız daha yaxşı nəticələr gözləyirdik və indiyə qədər əldə edilmiş nəticələr də bu gözləntini artırırdı. İstədiyimiz nəticə olmadı, amma bunun iki mühüm səbəbi də qeyd olunmalıdır.

Birincisi, 2020-ci ildə başlanan pandemiyadır. Pandemiyaya qarşı mübarizədə karantin strategiyasını tətbiq edən ölkəmizdə digər ölkələrdə olduğu kimi, idman zalları və digər idman profilli obyektlər qapalı idi. Bu da idmançıların hazırlığına təsir etdi, o cümlədən, beynəlxalq yarışlara qatılmaq da nəticəyə təsir edən amillərdən oldu.

İkincisi və ən mühümü 2020-ci ildə apardığımız Vətən müharibəsidir. 2020-ci il Azərbaycan üçün taleyüklü il oldu. Dövlətimiz və xalqımız bütün qüvvəsini torpaqlarımızın işğaldan azad edilməsinə yönəltdi və 30 il sonra 44 günlük müharibə ilə buna nail olduq. Təbii ki, 2020-ci ildə hər kəs kimi idmançılarımız üçün də əsas prioritet torpaqlarımızın azad edilməsi idi. Bu da olimpiadadakı nəticələrə təsir etdi.

Əslində əsas olan da budur. İllərdir olimpiadalarda, beynəlxalq yarışlarda idmançılarımızın erməni idmançı üzərində qələbəsini böyük coşqu ilə qarşılayır, sevinirdik. İndi dövlət və xalq olaraq, torpaqlarımızın işğaldan azad edilməsinə sevinirik.

Azərbaycan böyük qələbəsini qazanıb. İdmançılarımızın olimpiadada qızıl medal ala bilməməsi böyük zəfərimizin fonunda o qədər də çatışmazlıq kimi görünmür. Bundan sonrakı yarışlara baxmalıyıq.

İdmançılarımız, idman federasiyalarımız nəticəyönümlü fəaliyyəti gücləndirməli, daha məqsədyönlü olmalı və buraxılmış səhvlərdən nəticə çıxarmalıdır. Hər kəs Pekin və London Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurlu nəticələr əldə etdiyini yaxşı xatırlayır. Bu qələbələrdən eyforiyaya qapılmamalı, Tokiodakı müsbət olmayan nəticədən dərs çıxarılmalıdır.

İnanırıq ki, dünyanın idman arenalarını ayağa qaldıran Azərbaycan idmançıları növbəti yarışlarda bizlərə yenidən o coşqunu yaşadacaq, idman tariximizə yeni qələbələr bəxş edəcək. Vətən müharibəsində qazanılmış böyük zəfərdən sonra idman zəfərlərimiz də davamlı olacaq. Çünki Azərbaycana qələbə yaraşır...

Zaur Hacılı Demokrat.az

D
demokrat.az