Dünya Azərbaycan və Türkiyənin simasında əsl qardaşlıq nümunəsinin şahidi olmaqdadır. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə ən üst səviyyəyə qalxan qarşılıqlı əlaqələrdən ötə bir bağlılıq var. Bu idarəolunmayan bir sevgi, qəlbdən gələn birlikdir. Eyni kökə malik iki dövlət tarixin ayrı-ayrı dövrlərində müəyyən əlaqələrə malik olsalar da, etiraf etmək lazımdır ki, heç vaxt indiki kimi BİR olmayıblar. Bunun əsasında Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi dostluq münasibətləri də ayrıca rol oynamaqdadır. Bu dostluq iki qardaş xalqın daha da yaxınlaşması üçün bir nümunədir.
Son bir ilə yaxın dövr ərzində iki dövlət təkcə xoş gündə deyil, acı gündə də necə bir yerdə olduqlarını nümayiş etdirməkdədir. 44 günlük Vətən müharibəsində Azərbaycana ən güclü mənəvi dəstəyi verən ölkənin məhz Türkiyə dövləti olduğunu isbat etməyə ehtiyac yoxdur.
Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında sıx telefon əlaqələrinin, müvafiq aidiyyəti qurumların davamlı səfərlərinin şahidi idik. Türkiyə ortaya açıq mövqe qoyaraq bütün tribunalarda Azərbaycanın haqq işini müdafiə etdi. Bu haqq işini öz işi bildi, bir an olsun Azərbaycanı tək qoymadı.
Bu gün isə Türkiyə dövləti yanğın fəlakəti ilə üz-üzədir. Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları davam etməkdədir və qardaş ölkə böyük bir sınaqla baş-başadır. İndi Azərbaycan Türkiyəyə hərtərəfli dəstəyini verməkdədir. Yenə davamlı telefon danışıqlarının, sıx təmasların şahidiyik. Azərbaycanın qardaş ölkəyə dəstəyi təkcə mənəvi deyil. Ölkəmiz bütün imkanları ilə Türkiyənin yanındadır. İlk gündən Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın yanğınsöndürənləri, müvafiq texnika qardaş ölkəyə göndərilib.
Avqustun 6-da prezidentlər- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı ölkəmizin yardımından xüsusi bəhs olunub. Prezident İlham Əliyev əlavə 40 ədəd yanğınsöndürən maşının artıq yola çıxdığını və sabah yanğın zonasına yetişəcəyini qeyd edərək, ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatacağını bildirib. Dövlətimizin başçısı yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif edib və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını deyib.
Sadalanan faktlar Azərbaycanın bütün imkanları ilə Türkiyə ilə bir yerdə olduğunu isbatlayan faktlardır. Türkiyədəki faciəni özününkü bilən Azərbaycan dar gündə əsl qardaşlıq nümunəsi sərgiləməkdədir. Hazırda Azərbaycanın Türkiyəyə yardımı duyğusal notlarla zəngindir. O baxımdan ki, Azərbaycan qəlbən Türkiyənin yanındadır və bu yardımın mayasında Türk sevgisi dayanır. Təsadüfi deyil ki, Prezident Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı bu nüansın üzərində ayrıca dayanıb. Ərdoğan Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb.
Prezident Ərdoğan əlavə dəstəyə görə də təşəkkürünü bildirib və bu dəstəyin Azərbaycan ilə Türkiyənin qardaşlığının, dostluğunun bariz təcəssümü olduğunu diqqətdə çatdırıb.
Söhbət zamanı diqqəti çəkən digər məqam Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar üzərində dayanılmasıdır. Bu, qardaş Türkiyənin sıxıntılı günlərində belə Azərbaycanın yanında olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev Ermənistan tərəfindən törədilən təxribatlar barədə Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verib və Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğulayıb. Prezident Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib və dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi aparıblar.
Göründüyü kimi, dərdimiz bir, sevincimiz birdir...
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


