Artıq 2021-2022-ci il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşdı. II və III ixtisas qrupu üzrə nəticələr açıqlansa da, digər ixtisas qrupunun yekun nəticələri qarşıdakı günlərdə elan ediləcək. Pandemiya ilə əlaqədar, keçən ilin ikinci yarısında olduğu kimi, geridə qoyduğumuz tədris ilində də dərslər distant formada təşkil edildi. Bəs onlayn tədrisin qəbul imtahanlarındakı nəticələrə təsiri necə olub?
"Yüksək bal toplayan abituriyentlərin sayı azalıb"
Bu və digər məsələlərlə bağlı Demokrat.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, qəbul imtahanlarında yüksək nəticələr əvvəlki illərlə müqayisədə azalıb:
“Pandemiya səbəbilə 2020-ci ildən tədris prosesinin formatının dəyişməsi birmənalı şəkildə buraxılış və qəbul imtahanların öz təsirini göstərdi. Ötən il keçirilən qəbul imtahanlarında 3-cü ixtisas qrupu üzrə 690 baldan yuxarı nəticələr var idisə, bu il oxşar nəticə qeydə alınmadı. Təkcə 2-ci ixtisas qrupunda yüksək nəticə 691 bal oldu. 2 və 3-cü ixtisas qrupu üzrə nəticələri əvvəlki illərlə müqayisə edəndə, yüksək bal toplayan abituriyentlərin sayının azaldığını görürük. Abituriyentlər arasında 250-500 bal toplayanların sayı daha çoxdur. Bu il 3-cü ixtisas qrupu üzrə sənəd verənlərin sayında da azalma var". 
"Nəticələrin bu qədər pis olması gələcək üçün xoş vədlər vermir"
Digər təhsil eksperti Elçin Əfəndi isə builki nəticələrin gözləniləndən daha aşağı olduğunu qeyd edib:
“Ali təhsil müəssisələrinə həm buraxılış, həm də blok imtahanları başa çatdı. Hələ ki, buraxılış imtahanlarının və 2-ci və 3-cü qrup üzrə imtahan vermiş abituriyentlərin nəticələri açıqlanıb, 1-4-cü qruplar üzrə nəticələrin növbəti həftə elan olunacağı gözlənilir. İndiyədək məlum olan nəticələr və 1-4-cü qruplar üzrə aparılan sorğuya əsasən deyə bilərik ki, bu il imtahan vermiş abituriyentlərin nəticələri keçən illərlə müqayisədə aşağıdır. Olduqca bərbad nəticələrlə üz-üzəyik. Nəticələrin bu qədər pis olması gələcək üçün xoş vədlər vermir. 2019-cu ildəki nəticələrlə müqayisə aparsaq, böyük fərqin şahidi ola bilərik, həmin il nəticələr daha yüksək idi. Burada pandemiyanın və onunla bağlı olaraq təhsilin distant formada təşkilinin böyük təsiri var. Dərslərin distant formada təşkilinin davam etməsi 2022-2023-cü il üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə də təsirsiz ötüşməyəcək. Buna görə də, növbəti tədris ili mütləq şəkildə ənənəvi qaydada təşkil olunmalıdır, xüsusilə də 10 və 11-ci siniflər üçün ənənəvi təhsili bərpa etməliyik. Orta məktəbdə distant təhsildən yararlanan abituriyent aşağı nəticələrlə ali təhsil müəssisələrinə qəbul olursa və universitetdə də distant formada təhsil alacaqsa, biz gələcəkdə əmək bazarına ixtisaslı kadr çıxara bilməyəcəyik. Bunun nəticəsini təkcə dövlət deyil, cəmiyyətimiz də hiss edəcək. 
"Əksər ölkələrdə yaranan təhsilsizlik boşluğu bizdə yaşanmadı"
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini İlqar Orucov saytımıza açıqlamasında distant təhsilin keyfiyyətə və nəticəyə təsir göstərdiyini və qurumun bu istiqamətdə vacib addımlar atdığını bildirib:
“Keçən ilin martından təhsilin distant formada təşkili abituriyentlərin hazırlığına, ümumilikdə təhsilin keyfiyyətinə xeyli dərəcədə mənfi təsir göstərdi. Biz artıq ikinci ildir ki, analoji vəziyyətlə qarşılaşırıq. Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə buraxılış imtahanlarından sualların pandemiyadan əvvəlki illərə nisbətən daha asanlaşdırılması üçün yollar axtardı. Keçən il olduğu kimi, bu il də imtahanlarda həmin təcrübə tətbiq olundu və suallar daha asanlaşdırıldı. Bunun abituriyentlərin qəbul imtahanlarında və ali məktəbə qəbul nəticələrində özünü göstərəcəyinə inanırıq. Əslində, bütövlükdə qəbul planında hansısa çətinliyin yaranacağına inanmıram, çünki əvvəldən bu proses nəzərə alındı və qabaqlayıcı tədbirlər addımlar atıldı”. 
“Biz hər zaman orta məktəblərdə xüsusilə abituriyentlər üçün təhsil şəraitini yaxşılaşdırmaq məsələsini diqqətdə saxlayırıq. Ölkədə pandemiya ilə bağlı qəbul olunan qərarları daha çevik və doğru qərarlar kimi xarakterizə edərdim. Çətin şəraitdə, kritik vəziyyətdə əksər ölkələrdə yaranan təhsilsizlik boşluğu bizdə yaşanmadı. Təhsil Nazirliyi bütün mümkün vasitələrdən, qeyri-ənənəvi təhsil alətlərindən istifadə edərək, bütün zəruri addımları atdı. Keçən təhsil ilindən fərqli olaraq, 2020-2021-ci ildə daha oturuşmuş təhsil mühiti yaradıldı. Təqdim edilən vasitə və alətlərdən həm müəllimlər, həm də şagirdlər daha uğurla yararlana bildilər. Yeniliklər atılan addımlarla yekunlaşmamalıdır və yekunlaşmayacaq. Düşünürəm və ümid edirəm ki, növbəti təqvim və tədris ilində biz ənənəvi təhsilə başlaya biləcəyik”.
Aygül Qarayeva Demokrat.az


