“30 illik işğala 44 gün ərzində son qoyan Azərbaycanın yaratdığı yeni reallıqlar qonşu Rusiya tərəfindən də müsbət qarşılanır. Rusiyada rasional düşüncəyə malik siyasətçilər münaqişənin həllindən sonra, yeni mərhələdə də hər iki dövlətin maraqlarına uyğun münasibətlərin daha da möhkəmləndirilməsinin tərəfdarıdır. 30 ildir siyasətdə olan, lakin siyasətçi ola bilməyən jirinovskilərin bu reallığı gözardı etməsi, destruktiv mövqe sərgiləməsi təbii ki, reallığı dəyişmir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O, Rusiya Liberal Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin siyasətdə ciddi qarşılanmadığını bildirib:
“Jirinovski heç vaxt siyasətdə ciddi firuq kimi qəbul olunmur. Hər zaman ziddiyyətli, absurd bəyanatlarla çıxış edən, təhqir və böhtandan çəkinməyən Vladimir Volfoviç hətta iştirak etdiyi siyasi tok-şoularda belə gülüş obyektinə çevrilir, aparıcı və digər qonaqlar tərəfindən sözün həqiqi mənasında ələ salınır. Rusiya Prezidentinin onun aqressiv bəyanatlarına münasibət bildirərkən “gözəl alovlanır” söyləməsi Jirinovskinin siyasətçidən daha çox, şoumen və təlxək kimi qəbul olunduğunu bir daha təsdiqləyir. Onun səsləndirdiyi bəyanatlar elə öz ölkəsində hər zaman 1 aprel zarafatı kimi qəbul olunur. Aqressiyası və şovinist mövqeyilə liberallıqdan, ədəbsiz davranışları, “neqativ azadlığı” ilə demokratiyadan uzaq olan 75 yaşlı qoca haqqında Dumadakı həmkarları “yaşlandıqca daha çox tərbiyəsiz uşağa çevrilir”, “uşaq nə qədər əylənir əylənsin, təki ağlamasın” kimi ifadələr səsləndirirlər”.
Deputat vurğulayıb ki, Jirinovski səsləndirdiyi absurd ifadələrin fonunda yüksək səviyyədə olan Azərbaycan-Rusiya münasibətlərini nəzərə almayıb:
“Yersiz və aqressiv emosiyaları, arqumentsiz çıxışlarına görə siyasətçidən daha çox lətifə personajına çevrilən Jirinovskinin sərsəm ifadələrilə bağlı sonradan “fikirlərim düz başa düşülməyib” kimi özünümüdafiə cəhdlərini çox görmüşük. Onun Azərbaycanla, Cənuni Qafqazla bağlı da təzadlı fikirləri az deyil. Bu dəfə isə guya rus hərbçisinin “vəkili” qismində çıxış edərək, Azərbaycan rəhbərliyinə xitab etməklə həddini aşıb. O, Cənubi Qafqazın 200 ildir Rusiyanın təsir zonası olduğunu xatırladanda, yüksək səviyyəli Bakı-Moskva münasibətlərini, Azərbaycanın regionun lokomativi olduğunu, 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbəni də unutmamalı idi. 30 il siyasətdə olan birinin bu səhvi etməsi təbii ki, qəbul oluna bilməz. Çünki Azərbaycanın nüfuzu, bölgədə və beynəlxalq platformalardakı statusu hər kəsə, o cümlədən qonşu ölkənin parlament təmsilçisi və partiya sədrinə yaxşı məlumdur. Sadəcə, bu cür üzdəniraq ünsürlərə öz yerini göstərmək, səsləndirdiyi hər ifadənin məsuliyyətini dərk etməsini xatırlatmaq lazımdır”.
Aygül Qarayeva Demokrat.az


