Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.az xəbər verir ki, günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə ifadə verən təqsirləndirilən Dilanyan Arman Vazgenoviç deyib ki, ötən il noyabrın 27-də Ermənistan sərhədlərini qorumaq üçün hərbi komissarlığa cəlb edilib:
"Bizi gecəynən Laçına gətirdilər, daha sonra səhəri gün rus sülhməramlıların durdurları yerdən keçərək bir az dağlıq əraziyə gətirdilər. Piyada dağa qalxdıq. Orada digər erməni hərbiçilərin növbəsini dəyişməliydik. Bizə oranın Ermənistan ərazisi olduğu və sərhədlərimizi qoruduğumuzu demişdilər. Bir müddət qalandan sonra komandirimiz Arsen Kazaryanın əmri ilə dağdan endik. Həmin vaxt Azərbaycan hərbiçələri tərəfindən saxlanıldıq və silahlarımızı onlara təqdim edərək təslim olduq".
Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qeyd edib ki, məqsədləri orada mövqelərini qorumaq, onlara yaxınlaşan azərbaycanlılara silahlı müqavimət göstərmək idi.
Prokurorun suallarını cavablandıran Arman Dilanyan bildirib ki, müharibə zamanı Cəbrayıl istiqamətinə cəlb olunub: "Oktyabrın ayın 3-dən 15-i qədər Cəbrayıl ərazisində döyüşlərə cəlb olunub. Lakin mən orda olduğum müddətdə döyüşlərdə iştirak etməmişəm. Mən ayın 15- i oradan qaçdım. Müharibə bitəndən sonra hərbi polis gəldi ki, əgər indi getməsən, hərbi xidmətdən yanındığın üçün səni həbs edəcəyik. Bu səbəbdən mən də hərbi komisarlığa getdim. Yenə müharibə olsaydı qanuni olaraq olaraq orda iştirak etməliydim, amma vicdanım orada döyüşmək istəmirdi".
Təqsirləndirilən şəxs istintaqdakı ifadəsində qeyd edib ki, Cəbrayılda 200-ə yaxın erməni ilə birlikdə Azərbaycan ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edib.
Daha sonra prosesdə Soğomanyan Setrak Samveloviç ifadə verib. O da digəri kimi analoji ifadə verib. Bildirib ki, hərbi komisarlıqdan avtobusla Laçına, oradan Xocavəndə aparıblar: " Bizə dedilər ki, Ermənistan sərhədlərini qoruyacağıq. Lakin bizi Qarabağa gedəcəyimizi demədilər. Bizi aldatdılar".
Suallara cavab verən təqsirləndirilən şəxs digəri kimi müharibə vaxtı Cəbrayıl istiqamətində hərbi birləşmədə iştirak edib: "Döyüşlər zamanı silahdan istifadı etməmişəm. Biz geri çəkilmişik, daha sonra mən evə qaçdım. Hərbi polis məni axtarırdı. Bildirmişdilər ki, hərbi komisarlığa getməsəm, cinayət işi başlayacaqlar. Ona görə noyabrında 27-də hərbi komisarlığa yollandım. Noyabrın 10-da olan üçtərəfli bəyanatdan məlumatım olub. Bilirdim ki, müharibə başa çatıb".
Prosesdə Karapetyan Rafik Robertoviçə ifadə vermək təklif edilib. O da sərbəst ifadəsində noyabrda hərbi komisarlığa çağrıldığını, ordan Laçına və daha sonra Xocavənd istiqamətə gətirildiyi deyib: "13-14 gün orda qaldıqdan sonra evə qayıdacağımızı dedilər. Biz aşağı enəndə Azərbaycan Ordusu tərəfindən saxlandıq".
Rafik Karapatyan da müharibədə Cəbrayıl istiqamətində iştirak etdiyini bildirib: " Ötən il oktyabrın 4-də artıq mən Cəbrayıldan qaçaraq Qubadlı ərazisinə keçdim. Orada da Gorusda gəldim, silahımı polisə təhvil verdim. Daha sonra rayonumuza qayıtdım. Lakin müharibədən qaçdığım üçün axtarışa vermişdilər. Müharibə bitəndən sonra dedilər hərbi komisarlığa gəlməsən səni 12 ilə qədər həbs edəcəyik".
Növbəti proses iyulun 5-ə təyin olunub.
Fariz Məlikli Demokrat.az


