Ədəbiyyat

“Havalı – geri dönən xoşbəxtliyim...”

“Havalı – geri dönən xoşbəxtliyim...”

Bu gecə gecənin nəfəsi qordu, Bu gecə gecəmdən yuxunu qovdu. ...Axan bir ulduzu yedəkləyib mən Yüyürmək istədim kəndimizəcən.

Məmməd ARAZ Zəngilan rayonunun Havalı kəndində dünyaya göz açan, bu gün isə ömrünün 62-ci ilini yaşayan Nazim Dünyamalıyev danışdıqca, hər kəlməsində 27 il yaşadığı Vətən, yurd itkisinin kədəri, dərd-qəmi açıq-aydın sezilir. Keçirdiyi ağrı-acılar, əzablar üz-gözündən asanlıqla oxunur. “…Köçkünlük illərində dünənimin həsrətindən yanıb-yaxılmışam, əlçatmaz, ünyetməzbir uzaqlıqda qalan Havalının nisgilindən qovrulmuşam. Gecələr yuxularımda o yerlərigəzib dolanmışam, gündüzlərsə fotolarda “donmuş” kəndimizə baxmışam-evimiz, məktəbimiz, məhəlləmizin yol- cığırları, uşaqlığım, gəncliyim keçən hər yer sirli-sehrli bir dünyaya dönüb xəyalımda…”,– deyir.

Nazim kişi yağı caynağından azad olunan, ancaq namərd düşmənin basdırdığı minaların təmizlənməsi hələ başa çatmadığı səbəbindən gedib ziyarət edə bilmədiyi o yerlərə ötən 27 ildə nə vaxtsa dönmək inam-ümidini də heç vaxt itirmədiyini bildirir. Sonra əlavə edir: “Ömürdən günlər, aylar ötsə də, olub-olmuşlar unudulsa da, bircə dünyanın ən ağır dərdi – Vətən, torpaq itkisi qaysaq, köz bağlamayan yara kimi adamı daim yandırıb-yaxır… Axı uşaqlığı, gəncliyi yaşanan yerləri insan necə yaddan çıxara bilər?! Yağıların 27 il at oynatdığı hər daşı, hər qayası bir tarixə çevrilən o torpağı yaddaşdan necə silmək olar?!. Kəndimiz hər gecə yuxuma gəlir. Görürəm ki, dizimi qatlayıb Nərgiz bulağın bumbuz suyundan içirəm, kərəntimi sazlayıb Alı biçənəyinə qalxıram, axşam kövşəndən yorğun-arğın qayıdıb məhəllədə İbiş dayımın dəcəl nəvələrindən giley-güzarını eşidirəm…”.

O, yaddaşından heç vaxt silinməyəcək bir əhvalatı da xatırlayır: “...Didərginlikdən neçə gün əvvəl gecənin zülmət qaranlığında qəbiristanlıq tərəfdən gələn bayquş səsi dədəmin yuxusuna haram qatmışdı–səhərə qədər yatmamışdı, fikrində, xəyalında dağı arana, aranı dağa daşımışdı. Düşünmüşdü ki, bayquşun oxuması yaxşı hal deyil–səhər açılacaq, bəd xəbər eşidəcək. Ona görə də əlləri göyə uzanalı qalmışdı, yalvarırdı: “Allah, sən özün bu od-ocağı qoru. Bir kimsəyə pisliyim keçməyib, mərdüməzar olmamışam... Qurbanın olum, İlahi!..”. Dədəm hardan biləydi ki, vahimə, təlaş, qorxu doğuran o bayquş səsi təkcə od-ocağının deyil, Havalının yad nəfəslə murdarlanacağından, yurd-yuvasının xaraba qalacağından, adamların pərən-pərən düşəcəyindən xəbər verir...”.

*** Nazim Dünyamalıyev deyir:

“–1993-cü ilin payız günlərindən biriydi. Təbiətin xəzan çağının ayrı bir gözəlliyi olsa da, camaat qəm-qüssə içindəydi. Üz-gözlərdən qayğı, kədər oxunurdu –didərginlik dalğası başlayırdı. Min bir əzab-əziyyətlə tikilib-qurulan evlər get-gedə boşaldılırdı...

Ömrünün ahıl çağını yaşayan dədəm evimizin yaxınlığındakı ağac kötüyünün üstündə oturub əlindəki əsanın ucu ilə xırda mamırlı daşları döyəcləyib, gözləmədiyim halda qəfildən hönkürdü: “Oğul, bax, bu daşların hər biri bir tarixdir–kökümüzün, soyumuzun bu kəndə, bu yurda bağlılığının möhürüdür. Bu daşlar, bu çınqıllar uzaq keçmişdən bizə soraq verir... İndi havadarına güvənən erməni kimi qaniçənin qarşısında duruş gətirə bilməyib dədə-babalarınızın qəbirlərini qoyub hara gedəcəyimizi, kimə sığınacağımızı bilmirik. Neyləyək, başımıza haranın daşını tökək?!. Vallah, o qəbiristanlıqdakı məzarlar da kimsəsizlikdən od tutub yanacaq... Biz də Vətən həsrətindən qürbətdə qovurğa kimi qovrulacağıq, bala!..”.

***

“…1993-cü ilin payızı özüylə dərd-bəla gətirdi: el-obaya yağı təpildi. Qarşı gələn, arxa duran tapılmadı. İgidlər şəhid oldular, qalanlarının da qolları kürəklərinə çatıldı…”.

*** “...Ümid hər yerdən üzüləndən sonra qürbətə yollar açılmışdı. Camaat ev-eşiklə, yol-rizlə, dağ-daşla halallaşırdı:

Gedirəm, Vətən səndən, Qorxuram yol kəsəndən, Halal-hümmət eyləyim, Ayrıldım bəlkə səndən.

... Gülgəz nənəmin ev-eşiyindən, kənd-kəsəyindən ayrılması onun üçün ağır, bundan sonrakı ömründə çəkə bilməyəcəyi bir dərd idi. Ona görə səssiz-səmirsiz ağlayırdı, gözlərindən həsrət yaşı sel kimi axırdı–düşmən kələyi, fitnəsi daşa çevrilib bir azdan ümid-arzularını çilik-çilik eləyəcəkdi, doğma od-ocağı əlçatmaz, ünyetməz olacaqdı.

Daha bir də yaylaqlara üz tuta, dizə qalxan otun arasından yanı balalı kəkliklərin ürküşüb pırıltıyla havaya qalxmalarını görməyəcəkdi. Qayalıqların arasından ətəyinə yığıb gətirdiyi çiyələklərlə nəvələrini sevindirə, inəkləri, qoyunları sağdıqca qıjıltı ilə vedrədə köpüklənən ağ südə baxıb ürəyində “Allah bu ruzunu bizdən əsirgəməsin” duasını edə, əvəlik, kəklikotu, itburnu yığıb qışlağa gətirə bilməyəcəkdi…

…27 il idi ki, vaxt-bivaxt Havalıya “gedirdim”: Uşaq olub Həkəri çayının sahilindən növruzgülü yığırdım, mamırlı qayalıqlarda yaşıdlarımla “gizlinpaç” oynayırdım. Xəyaldan, düşüncələrdən azad olanda, yuxudan ayılanda isə məni özünə maqnit cazibəsilə çəkən o yerləri bir daha gedib görmək, ziyarət etmək istəyimin gerçəkləşəcəyinin “görünməz aylara, illərə qaldğını” düşünəndə dəhşətə gəlirdim…

*** “...1993-dən bəri didərgin doğmalarımın neçəsi o həsrətin ağırlığını, yükünü çəkə bilməyib haqq dünyasına qovuşdu, qalanlarsa hansısa bir sehrin, tilsimin gücünə ümid bəsləyirdi – zülmət gecələrdən sonra nə vaxtsa nurlu sabahların açılacağına inanırdı… …O inamı, o ümidi Allah bizdən əsirgəməmişdi…”. *** Nazim kişi Ağalı düşməndən təmizlənəndən sonra televiziyada bu kəndin görüntülərinə baxıb sarsıldığını deyir, erməni faşizminin nə qədər təhlükəli olduğunu bildirir:“...Televiziyada işğaldan azad edilən kəndimiz göstərilir. İlk görüntülər mənə bir rahatlıq, dinclik gətirir, elə bilki, Havalının havası ciyərlərimə dolur. Lakin sonrakı kadrlara baxdlqca, az qala havalanıram: Bir vaxtlar hər addımda çağlayan bulaqların gözü tutulub. Yol- rizi öt-ələf basıb. Meşələr doğranıb. Evlərin hamısı uçurulub, hasarlar, çəpərlər sökülüb. Bağ-bağçalardan əsər-əlamət qalmayıb. Qəbiristanlıqda məzarların bəziləri vəhşicəsinə dağıdılıb, bəzilərinin isə başdaşıları sındırılıb.

Ağalı qəbiristanlığı ulularımızın uyuduğu məbədgah, ziyarət məkanı olmaqla bərabər, həm də o yer-yurdun, o el-obanın tarixi idi. Burada başdaşları və sinədaşlarındakı tarixlər, rəsmlər, oymalar, həkketmələr soy-kökümüzün zəngin maddi-mənəvi aləmindən xəbər verirdi. Qəbiristanlıqlara hər zaman müqəddəs yer kimi yanaşılıb, toxunulmaz saxlanılıb. Hətta ən qatı düşmən belə işğal etdiyi ərazidəki məzarlıqlara əl vurmayıb, qəbirləri dağıtmayıb, təhqir etməyib. Amma barbar, vəhşi ermənilərin bu rəzil xisətinin də şahidi olduq...

...Televiziyada gördüklərimə inana bilmirəm, sanki yatmışam, yuxu görürəm…

…Yox, yox, belə yuxu, belə röya ola bilməz.

…Bu kənd bu günə niyə düşməliydi ki?!.

…Bu kənd erməniyə nə etmişdi ki, onu belə xarabalığa çevirib”.

***

Çox-çox uzaq ölkələrdən günlərlə yol qət edərək uçub başqa bir diyara gələn elə quşlar var ki, yazağzı köçün saldığı yerdə bala çıxarır və o balaları ilə birgə payızın sazaqlı günləri başlayana kimi orada yaşayırlar. Elə ki, doğma yurda qayıtmaq məqamı çatanda ana (ata) quşlar tələf olsalar da, balalar Vətənə üz tutmaq qərarından çəkinmirlər-heç vaxt görmədikləri, bələd olmadıqları səma yolları ilə çaşmadan, səhv etmədən “doğma ocaqlarına” dönürlər...

Gələn ildə də, o biri ildə də quş ömrü belə davam edir-böyüklər (valideynlər) qürbətdə dünyayla vidalaşır, balalarsa bir müddət sonra Vətənlə salamlaşırlar...

Bu, nədir, bu, nə möcüzədir, sirr-sehrdir, ya rəbbim?!. Doğma yuva cazibəsi bala quşu heç zaman görmədiyi bir məkana necə çəkir?!. Özü də bu yolda azmaq, dumana-çənə düşmək təhlükəsinə qalib gəlir!..

Çox güman ki, bu, o bala quşların yurd duyğusunun, genetik kodunun dərinliyindən irəli gəlir...

Belə olan halda mən qəti əminəm: biz o Vətənə indi dönə bilməsəydik belə, bizdən sonrakı nəsil nə vaxtsa qayıdacaqdı. Mütləq qayıdacaqdı...

*** ...Müvəqqəti istisnaları nəzərə almasaq, heç bir xalqı doğma torpağında həmişəlik məğlub etmək mümkün deyil… Rövşən ATAKİŞİYEV ​Demokrat.az

D
demokrat.az