Onlayn şəkildə müəllimlərin inkişafına yönəlik “Nərdivançı” layihəsinin 1 yaşı qeyd olunub. Görüşdə ölkənin tanınmış ziyalıları iştirak edib. Tədbirin moderatoru İlahə Həmidova açılış nitqi ilə çıxış edərək fəal müəllimlərin təbrik videoçarxını təqdim edib. Sonra “Nərdivançı” layihəsinin rəhbəri, Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbin müəllimi Elçin Abbasov layihənin 1 illik fəaliyyəti haqqında danışıb.
Tədbirdə həmçinin Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov, tanınmış yazıçı Rövşən Abdullaoğlu, təqaüddə olan fizika müəllimi Gülzar Ramazanova, 279 saylı məktəbin direktoru Südabə Abdullayeva, ADPU-nun elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva, İnteraktiv Elm muzeyinin qurucusu Elçin Abbasov, təcrübəli müəllimlərdən Sona Hacılı, Cəbrayil Həşimov, “Green Start Academy”in qurucusu Aysel Rəsulzadə və "Nərdivançı"nın qonaqları iştirak edib. Onlar layihə barədə öz fikirlərini bildiriblər.
Daha sonra Vətən müharibəsində şəhid olan müəllimlərə həsr olunmuş videoçarx təqdim olunub.
Eyni zamanda tədbirdə layihənin 1 illik fəaliyyətindən bəhs olunan videoçarx nümayiş edilib. Mərasim zamanı “Nərdivançı”nın 1 illik fəaliyyətinə aid sualllardan ibarət yarışma keçirilib və qaliblərə müxtəlif kitablar hədiyyə edilib.
Qeyd edək ki, 2020-ci ilin aprel-may aylarından fəaliyyətə başlayan “Nərdivançı” layihəsi müəllimlərin asudə vaxtını maraqlı keçirmələri, onların inkişafı üçün nəzərdə tutulub. Layihədə müəllimlərin tanınmış şəxslərlə onlayn müsahibəsi təşkil olunur. Ölkənin fəal müəllimlərinin fəaliyyəti təqdim olunur, eləcə də təcrübəli yaşlı müəllimlərin gənclərə tövsiyəsi yer alır və Vətən müharibəsində şəhid olmuş müəllimlərin həyatı izləyicilərə çatdırılır. Bundan başqa, layihə çərçivəsində müəllimləri maraqlandıran mövzularda vebinarlar, təlimlər, müsabiqələr təşkil olunur. Bir sıra sosial çarxlar hazırlanır. Qarabağ tarixi adlı silsilə videoçarxlarda Qarabağın tarixi təbliğ olunaraq izləyicilərə çatdırılır.(moderator.az)
Demokrat.az


