"Bəzilərinin üfunət püskürməməsi üçün səhər-səhər belə bir status paylaşmaq istədim. “Ağzının danışığını, yazdığının mahiyyətini, hərəkətlərinin nəticəsini bilməyən deputatlara necə millət vəkili demək olar?" Sonradan anonimliyin mənə xas olmadığından statusu paylaşmadım".
Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
"Bu gün saat 15.30 radələrində işə gələn zaman təxminən Nizami-Qoqol küçələrinin kəsişməsində insanların gur olduğu yerdə Milli Məclisin üzvü Etibar Əliyev uca səslə, əl yelləyərək sanki ən yaxın dostu ilə görüşürmüş kimi "Aslan müəllim, salam" dedi. Əlbəttə, cavab vermədim və yenidən bu mövzuya qayıtmağı özümə borc bildim. Bu şəxs 2018-2019-cu illərdə hamı sürüynən üstümə düşən zaman hər yerdə haqqımda ağlına gələn aşağılayıcı, təhqiredici, böhtan xarakterli yazılar tirajlayırdı. O vaxtlar belələri həddindən artıq çox olduğundan buna heç bir reaksiya verməmişdim.
Bu günkü davranışına isə susa bilmədim. Görünür belələri hər bir təhqiri, böhtanı, aşağılayıcı ifadələri məmnuniyyətlə həzm etdiklərindən məni də özləri ilə dəyişik salırlar. Bir balaca abırı olan şəxs o yazılardan sonra mənimlə üzbəüz gəlməkdən çəkinərdi. Düzdürsə o ifadələrə layiq olanla salamlaşmaq olmaz, yalan idisə xəcalət çəkərdi. Ancaq görünür bunlar başqa sort adamlardır", deyə Aslan İsmayılov qeyd edib.
Demokrat.az


