Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) icra edəcəyi “Narçılıq Dəyər Zəncirində Üstün Keyfiyyətin Əldə Edilməsi və Dəyişikliklərə Dəstək” adlı yeni layihə 2020-ci ilin avqust ayından etibarən start götürüb.
Layihə ANİİA və onun yerli tərəfdaşları sayılan Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə birlikdə həyata keçiriləcək. 20 aylıq bir dövrü əhatə edəcək bu layihə Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarında 100 kənddə 1-5 hektar nar bağına sahib olan 2000 kiçik miqyaslı nar istehsalçılarını əhatə edəcək. Burada onlara məhsuldarlığı və keyfiyyəti artırmaq üçün təlimlər, seminarlar keçiriləcək, aqronom məsləhət xidmətləri vasitəsilə yeni və ən yaxşı aqrotexniki metodlar, vasitələr və qida təhlükəsizliyinə aid daha faydalı məlumatlar əldə edəcəklər. Nəticədə narçı fermerlər məhsullarını daha yüksək qiymətlərlə satmaq imkanına malik olacaqlar, eləcədə xammal tədarükçüləri və geniş miqyaslı nar istehsalçıları ilə əlaqələr və nar istehsalçıları arasında şəbəkə formalaşmış olacaq.
Layihənin ən mühüm kompenenti aqroturizm imkanlarının təşfiq edilməsidir. Belə ki, layihə müddətində ANİİA-nın tərəfdaşı rolunda çıxış edən AZTA tərəfindən Göyçay və Kürdəmir rayonlarında müəyyən ediləcək 5 narçı fermer təsərrüfatında aqroturizm imkanlarını artırmaq məqsədilə nar becərənlərə texniki yardım göstəriləcək. Hazırlanmış aqroturizm proqramı, nar turları və texniki yardım nəticəsində fermerlər və onların icmaları həm yerli, həm də xarici turistləri qəbul etmək, daha yüksək qazanc üçün nar meyvəsi, nardan hazırlanmış fərqli məhsullarını satmaq və yerli mətbəxi birbaşa təbliğ etmək imkanı əldə edəcəklər. Bu, kişilər, qadınlar və gənclər üçün əlavə iş yerləri açacaq, davamlı əlavə gəlir təmin edəcək və kənd biznesini təşviq edəcəkdir. Yerli və xarici turistlərin cəlb olunmasını nəzərdə tutan bu təşəbbüs çərçivəsində bir sıra sadə şərtlər mövcuddur. Belə ki, seçiləcək aqroturizm obyektinin əsas yola rahar çıxışı olmalı, yolun özü qənaətbəxş keyfiyyətdə olmalı, obyektin yerləşdiyi ərazidə orta ölçülü nar bağı və digər meyvə ağacları olmalı, eləcə də məntəqənin yerləşdiyi əraziyə yaxın bir yerdə balıq tutmaq və at çapmaq üçün də şərait olmaldır.
Bu məqsədlə, Göyçay və Kürdəmir rayonlarında öz həyətyanı sahələrində aqrourizm xidmətləri göstərmək istəyən fərdi şəxslərə, xüsusən də qadın və gənclərə unikal fürsət yaradılır. Yuxarıda sadalanan bu biznes fürsətindən birmaşa faydalanmaq istəyən hər bir kəsə ANİİA-nın İcraçı Direktoru Səbuhi Həsənov ilə 051 832 60 45 nömrəsi vasitəsi ilə əlaqə saxlamağı məsləhət görürük. Edilən müraciətlərin hər biri diqqətlə araşdırılacaq, əraziyə səfərlər edilərək yerlərdə birbaşa baxış keçiriləcək və yekunda 5 münasib ev təsərrüfatı rəqabətli əsaslarla ANİİA və AZTA mütəxəssisləri tərəfindən seçiləcək. Ən nəhayət, seçilmiş aqroturizm məntəqələri AZTA-nın populyar yaşıl kənd turizmi marşrutlarına daxil ediləcək.
Müraciət üçün son tarix 30 sentyabr 2020-ci ildir.
Demokrat.az


