Hadisə

Qadın ərindən polisə şikayət etdi — Təfərrüat

Qadın ərindən polisə şikayət etdi — Təfərrüat

Abşeron rayonunda qeyri-rəsmi yaşadığı arvadına xəsarət yetirməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Aqil Şahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yerləşən baldızına məxsus fərdi yaşayış evində olan zaman Xanım Şahverdiyevadan əri Aqil Şahverdiyev köynəyini verməsini istəyib.

Bu zaman Xanım Şahverdiyeva ərinə “get köynəyini özün götür” ifadəsi işlədib. Bu səbəbdən onların aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Aqil Şahverdiyeva Xanım Şahverdiyevanı yumruq zərbəsi ilə sifət nahiyəsinə bir dəfə vurub, ayaq nahiyəsinə isə bir dəfə təpiklə zərbə endirib. Hadisə zamanı Xanım Şahverdiyeva xəsarət aldığı üçün ərinin barəsində polisə şikayət edib.

İstintaq orqanı tərəfindən Aqil Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil Şahverdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Xanım Şahverdiyeva ilə 12 ildir ərarvad münasibətində olsalar da, onların rəsmi nigahı yoxdur: “Bizim bu münasibətdən iki azyaşlı övladlarımız var. Xanımla əvvəllər münasibətlərim normal olsa da, son zamanlar Xanımın mənə qarşı aqressivliyi səbəbindən aramızda tez-tez mübahisələr yaranıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən günü Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yerləşən bacısının ailəsi ilə birlikdə yaşadığı evdə Xanımla birlikdə olan zaman ondan köynəyiniverməsini istəyib: “Xanım isə mənə cavab qaytararaq, köynəyimi özümün götürməyimi söylədi. Bu səbəbdən yenidən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbi halda Xanımın sifət nahiyəsinə əlim ilə zərbə endirdim. Bu zaman Xanım göz nahiyəsindən xəsarət aldı. Bundan sonra mübahisəmiz böyüməməsi üçün həmin evi tərk etdim. Daha sonra Xanımın barəmdə şikayət etdiyi mənə məlum oldu”.

Aqil Şahverdiyev törətdiyi əməldən peşman olduğunu bildirib, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xanım Şahverdiyeva bildirib ki, hadisə zamanı əri onu yumruq və təpik zərvələri vurub. O, ərinin barəsində şikayətçi olduğunu, ona cəza verilməsini istəyib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

Aqil Şahverdiyev 1 il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzasına məhkum olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az