“Yeni Azərbaycan Partiyasının qurultayı cəmiyyətdə yalnız ona görə maraq doğururdu ki, Yeni Azərbaycan Partiyası iqtidar partiyasıdır və iqtidar partiyası olduğu üçün cəmiyyət ona diqqət yetirirdi. Qalan heç bir göstərici və nüans bu qurultayı cəmiyyət üçün maraqlı etmirdi. Əslində isə bu qurultayda cəmiyyət üçün maraqlı olan addımlar da yox idi”.
Bunu Dominant.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı Yeni Azərbaycan Partiyasındakı (YAP) son islahatları şərh edərkən deyib.
“Məsələn, partiyanın Siyasi Şurası və Qadınlar Şurası ləğv edildi, əvəzində isə Veteranlar Şurası yaradıldı. Lakin bu heç də inkişaf deyil. Çünki Veteranlar Şurası bildiyimiz Ağsaqqallar Şurasıdır və bir çox partiyalarda Ağsaqqallar Şurası simvolik xarakter daşıyır. Yəni, bu şuranın heç bir təsiredici və qərarverici mexanizmləri olmur, sadəcə olaraq partiya qarşısında xidmətləri olan insanların xətirlərini xoş tutmaq üçün yaradılır. Lakin birdən-birə partiyanın Siyasi Şurası və Qadınlar Şurasını ləğv edib, Veteranlar Şurası yaratmaq mənim üçün başa düşülən olmadı” - deyə, partiya sədri vurğulayıb.
Abbaslının sözlərinə görə, YAP-da təmsil olunan yeni simalar köhnə simalardan elə də fərqlənmir: “Məsələn, partiyanın köhnə simaları yola salınır ki, köhnə təfəkkürlü adamlardan demokratik addımlar gözləmək düzgün deyil. Əvəzində isə yeni simalar gəlir. Bəs, kimlərdir bu yeni simalar? Əksəriyyəti Parlamentdə təmsil olunan şəxslər. Hətta onlardan bəziləri ikinci dönəmin millət vəkilləridir. Amma onlar bu vaxta qədər parlamentdəki fəaliyyətləri ilə cəmiyyətin bu və ya digər formada yadında qalmayıblar. Belə olan halda, parlamentdə yadda qalmayan şəxs partiyada hansı xidmətlər göstərib partiyanı inkişaf etdirəcək. Ona görə də bunların sadəcə ad dəyişikliyindən ibarət olduğunu düşünürəm. Yəni, olmasın Siyavuş Novruzov, olsun Ülviyyə Həmzəyeva. Yaxud, olmasın Ramiz Mehdiyev, olsun Kamal Cəfərov. Bunun da heç bir mənası yoxdur”.
“Çünki bu adamların siyasi fəaliyyətləri necə olub, partiya anlayışları nədən ibarətdir, cəmiyyətlə necə işləyiblər, sual doğurur. Mən düşünmürəm ki, Yeni Azərbaycan Partiyası bu qurultayın nəticələrindən sonra güclənsin və sözün həqiqi mənasında real siyasi gücə çevrilsin. Mənə elə gəlir ki, bu qurultay sədəcə olaraq portokol xətrinə və 1-2 nəfərin idarəetmədən uzaqlaşmasına hesablanmış qurultay idi” - deyə, müsahibimizi əlavə edib.
O, qurultaydan sonra YAP-a birləşən partiyalarla bağlı da münasibət bildirib: “Məlumdur ki, həmin partiyaların cəmiyyət üçün siyasi təsir imkanları yox dərəcəsində idi. Hətta həmin partiyalardan birinin sədri də vəfat etmişdi. Əslində bununla göstərmək istədilər ki, bir neçə partiya onlara qoşulub, halbuki, qoşulan partiyaların birinin sədri belə yox idi. Ona görə də mən bu son qurultaydan millət və dövlət üçün heç bir xeyir gözləmirəm”.
Demokrat.az


