44 günlük Vətən müharibəsi həm də Azərbaycan gəncliyi haqqında fikirləri alt-üst etdi. İllərdir cəmiyyətdə belə bir fikir hakim idi ki, yeni nəsil Qarabağı görməyib və yaşlı nəsillə müqayisədə onların həyata baxışları, vətənpərvərlik hissləri tam başqadır və s.
Vətən müharibəsi bunun tam əksini göstərdi və Azərbaycanda güclü vətənpərvərlik hisslərinə malik, milli ruhda tərbiyə almış gənc nəslin yetişdiyini isbat etdi. Hətta bir çoxlarında “Bu nəsil harda yetişib” təəccüb qarışıq sual yarandı və bunu açıq şəkildə dilə gətirdilər.
Vətənə bağlı, canını göz qırpmadan torpaq uğrunda fəda edən müasir gənclik ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Bu gün Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər məhz mövcud iqtidarın zamanında formalaşıb.
Ümummili lider Heydər Əliyevin qoyub getdiyi siyasi məktəbin davamçısı olan Prezident İlham Əliyev 17 ildir Azərbaycanın rəhbəridir. Bu illər ərzində onun etdiyi çıxışların bir çoxunda gəncliyə xitablara rast gəlmək mümkündür. Ölkə rəhbəri gəncliyə keçmişi unutmamağı, vətənpərvər ruhda böyüməyi təkçə çıxışlarında tövsiyə etməyib, bunun üçün ölkədə geniş miqyasda ideoloji iş aparmaq göstərişini verib.
Nəticə göz önündədir. Yetişən gənc nəsil dillərə dastan olan vətənpərvərlik nümayiş etdirdi və torpaqlar işğaldan azad olundu. Prezident İlham Əliyev Şuşaya səfəri zamanı bu məsələnin üzərində xüsusi dayandı. Qələbənin qazanılmasında bütün nəsillərdən olan vətəndaşların böyük zəhmətinin, payının olduğunu bildirdi. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəslin yerinə yetirdiyini ayrıca vurğuladı: “2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onları məhz vətənpərvərlik ruhunda tərbiyə almaları, düşmənə nifrət hissi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Günümüzün reallığı budur. Azərbaycanda milli ruhda gənc nəsil, bu gəncliyin önündə iradəli, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən LİDER var. Bu birlik, tandem Azərbaycanın gələcəkdə daha böyük uğurlara inza atacağını qaçılmaz edir.
Yetkin, savadlı, milli ruha bağlı, vətənpərvər gəncliyin formalaşması, onlarla ideoloji işin aparılması bundan sonra da əsas vəzifələrdəni biri olmalıdır. Unutmaq olmaz ki, gənclik elə-belə qüvvə deyil. Onların inamını qazanan, onlara dəyər verməyi bacaran cəmiyyətlər hər zaman bütün sferalarda qazanır. Başlıcası ona görə ki, gənclik cəmiyyətin enerjili kəsimi, aparıcı qüvvəsidir. Bu kəsimlə illərdir aparılan işin bu gün üçün real və uğurlu nəticəsi qürurvericidir. Düzgün iş aparılmasaydı, tam əksi də ola bilərdi. Bu səbəbdən də gənc nəslin tərbiyələndirilməsi, onların milli ruhda böyüməsi bir an olsun belə diqqətdən kənarda saxlanılmamalıdır...
Elman Babayev Əməkdar jurnalist
Demokrat.az


