İdman

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son görüşü keçiriləcək.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Əslində bu oyunun noyabrın 28-də təşkili nəzərdə tutulmuşdu. Lakin "Qəbələ"nin heyətində koronavirusa yoluxmuş futbolçular üzündən qarşılaşmanın 30 noyabra təxirə salınması qərara alınmışdı.

Hazırda "Sumqayıt" 15 xalla 4-cü, "Qəbələ" 8 xalla 8-ci yerdə gedir. Meydan sahibləri qalib gəlsələr, bir pillə irəliləyəcəklər. Qonaqları isə qələbə 6-cı pilləyə yüksəldəcək.

İndiyədək bu komandalar çempionatda 32 dəfə üz-üzə gəliblər. Bunların 4-də "Sumqayıt", 18-də "Qəbələ" üstün olub, 10 matçda isə heç-heçə qeydə alınıb. "Qırmızı-qaralar" topların nisbətində də böyük fərqlə öndədir - 54:25.

Digər tərəfdən, “Qəbələ” son üç oyunda uduzmayıb. “Sumqayıt” evdə keçirdiyi son üç matçdan qolsuz və xalsız ayrılmayıb.

Azərbaycan Premyer Liqası, XI tur 30 noyabr (bazar ertəsi)

16:00. "Sumqayıt" - "Qəbələ" Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Asif Əliyev "Kapital Bank Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə" ilə 0:0, "Keşlə" "Sabah"la və "Səbail" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Demokrat.az

D
demokrat.az