Siyasət

Erməni qadınları “sülh naminə” döyüş təlimi keçir…

Erməni qadınları “sülh naminə” döyüş təlimi keçir…

Deyirəm, ermənilər indi də qadınlarını göndərir üstümüzə. Bir müddət öncə bildirmişdilər ki, hətta 70 yaşa qədər ermənilər könüllü olaraq döyüşçü sıralarına yazıla bilər. Əlavə olaraq həm də xaricdən pulla döyüşçü alacaqlarmış. Hərçənd, bu da yeni xəbər deyil. Çünki Ermənistan ordunu komplektləşdirməkdə həmişə əziyyət çəkib. Ona görə ağalarının da dəstəyi ilə xaricdən müqaviləli döyüşçülər cəlb edir…

İndi də hətta Ermənistan baş nazirinin həyat yoldaşı belə “döyüşə” hazırlaşır. Düzdür, Azərbaycan döyüşçüsüylə real həyatda üz-üzə gəlsə erməni Anna Akopyan (Nikol Paşinyanın həyat yoldaşı) təbii ki, indiki qədər rahat danışa bilməyəcək. Onun ilk Azərbaycan əsgərini gördükdə dilini udacağı şübhəsizdir. Lakin məsələ bunda deyil.

Məsələ ondadır ki, bu erməni bütün digər ermənilər kimi özünütəkzib davranışı sərgiləyir. Yəni yaxşı xatırlayırıq ki, N.Paşinyan küçəni baş nazir kürsüsünə dəyişən kimi onun Annası elə sanmışdı ki, dünyanın ən təsirli qadınıdır. Hətta o qədər irəli getmişdi ki, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanı sülhə dəvət etmişdi. Təbii ki, Mehriban Əliyeva da buna qısa və konkret münasibət bildirmişdi: bizim sülh problemimiz yoxdur, siz ermənilər işğal etdiyiniz Azərbaycan torpaqlarından çəkilin, məsələ bitsin.

İndi yenə də bu Anna Akopyan növbəti özünütəkzib aksiyasının iştirakçısı kimi çıxır qarşımıza. O, işğal altındakı Azərbaycan torpaqlarında ümumilikdə 15 erməni qadınının iştirak etdiyi hərbi hazırlıq kursuna qatılıb. Burada atıcılıq öyrənən erməni qadınları bu kursu “Qadınlar sülh uğrunda” adı altında keçiblər. Təəccüblü deyilmi? Sülh uğrunda silahdan istifadə – hərbi hazırlıq keçilər? Bizim bildiyimiz odur ki, sülh uğrunda aksiyalarda zorakılıqdan imtina yolları – dinc vasitələrlə ortaq məxrəcin tapılması öyrənilir. Erməni qadınları isə “sülh uğrunda” hərb sənətini öyrənməyə girişiblər. Özü də işğal altındakı Azərbaycan torpaqlarında. Elə bu tədbirin Azərbaycan torpağında keçirilməsinin özü belə yetərlidir ki, erməni qadınların sülh deyil, başqa şey istədiyi bəlli olsun. Yəni bunların özləri deyir ki, gəlin, təpəmizə vurub bizi bu torpaqlardan çıxarın!

Bu Annanın atıcılıq öyrənməsi, əslində yaxşı göstəricidir. Çünki biz dünyaya izah edə bilmirik ki, ermənilər beşikdəki körpələrini belə nifrət və qəddarlıq üzərində tərbiyə edir. İndi, buyurun, erməni qadınları-anaları hətta özləri belə qəddarlığın zirvəsi olan müharibəyə hazırlaşırlar. Üstəlik, baş nazirin həyat yoldaşı da onların arasındadır. Dilində sülh, əməlində qan-qəddarlıq olan erməni xislətini faş etmək üçün bundan yaxşı fürsətmi var? Hər zamankı kimi, özləri öz mahiyyətlərini əməldə göstərirlər.

Biz Anna Akopyanın atıcılıq öyrənməsindən qorxduqmu? Təbii ki, yox. Azərbaycan kişilərini demirəm, elə o döyüş bölgəsində illərdir güllə səsi altında ömür sürən sadə bir kəndli qadınımız heç bir təlim keçmədən bu Annanın cavabını verə biləcək qədər qüdrətlidir. Döyüş olsun, meydan olsun, onda Anna görərdi ki, Azərbaycanlı qadınlar elə anadan döyüşçü doğulur. Sadəcə mahiyyətimizdə barışcıllıq olduğu üçün bizim qadınlarımız erməni qadınları kimi qəddar deyil…

Əslinə qalanda bu Annanın özü də bilir ki, döyüş sənətini öyrənməsinin heç bir faydası yoxdur. Hər bir erməni kimi onun baş nazir həyat yoldaşı Nikol Paşinyan da yaxşı anlayır ki, Azərbaycanla təkbətək qalacağı təqdirdə Ermənistanın tək seçimi var: təslim olub Azərbaycana biət etmək. Yəni Anna kimi minlərlə deyil, on minlərlə erməni də indiki halda silah-döyüş təlimi keçə bilər. Əyləncə üçün, baş qatmaq üçün.

Bəs belədirsə niyə vaxt xərcləyir onlar buna? Tək bir səbəb var: hər keçən gün daha da batmaqda olan Ermənistan ictimai rəyinin başını qatmaq. Nikol Paşinyan indi elə bir durumdadır ki, hər an ac ermənilər ayağa qalxıb onu da sələflərinin arxasınca göndərə bilər. Belə bir hərəkətlənməni ertələmək üçün gah Azərbaycanla sərhəddə təxribat törədir, gah işğal altındakı torpaqlarımızda öz ağıllarınca əzələ nümayiş etdirməyə çalışır, gah da arvadlarını qabağa verib bizə xox gəlirlər. Təki ermənilərin başı bu xəstəlik əlamətlərindən açılmasın…

Azər Həsrət

Demokrat.az

D
demokrat.az