Hadisə

Taleh Bağırzadənin silahdaşı Milli Məclisə basqın etməkdə təqsirli bilinir — ÖZƏL

Taleh Bağırzadənin silahdaşı Milli Məclisə basqın etməkdə təqsirli bilinir — ÖZƏL

“Müsəlman Birliyi” adlı təşkilatın üzvü Hüseynzadə Emin Şirməmməd oğlu Milli Məclisə basqın etməkdə ittiham olunur.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Emin Hüseynzadənin barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həbs olunma qərarından narazı qalan Emin Hüseynzadə apelyasiya şikayəti verib. O, barəsində olan qərarını ləğv olunmasını, həbsdən azad olunmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Emin Hüeynzadənin şikayəti təmin olunmayıb.

Qeyd edək ki, “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırzadədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunub.

Xatırladaq ki, məlum olduğu kimi bu ilin iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.

Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.

Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub.

Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Ümumilikdə həbs olunanların sayı 32 nəfərdir.

Bu günə kimi həbs olunan şəxslər bunlardır:

Həsənov İsmayıl Vaqif oğlu, Quliyev Vüsal Güdüz oğlu, Mövləyev Dəyanət Kərəm oğlu, İmanov Bəxtiyar Bədəl oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Ramid Zəkrulla, Rəhimli Şəmsi Rasim oğlu, Məmmədov Elvin Sarif oğlu, Əhmədov Seymur İntiqam oğlu, Yusifli Asif Qənbər oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu, Əhmədov Emin Şirməmməd oğlu, Mahmudov Kamil Akif oğlu, Vəliyev Tural Famil oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Əliyev İlkin Pirəli oğlu, Vahabov Müşfiq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Nağıyev Məhəbbət Rövşən oğlu, Novruzov Ceyhun Fərhad oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Mehdiyev Elçin Eldar oğlu, Süleymanov Baba Tahir oğlu, Çobanov Pərvin Nadir oğlu, Məhərrəmov Ayaz Həbib oğlu, Seyfullayev Telman Saleh oğlu, Qəhrəmanlı Fuad Əli oğlu, Məmmədov Fariz Azər oğlu Mirzəyev Gündüz Vaqif oğlu, Ariz İbadət oğlu.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər birinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həbs olunan şəxslərin hər biri Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilir.

Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az