"Nazir olduğum dövrdən indiyədək hər zaman telefon nömrəm jurnalistlərdə olub və onlara açıq olmuşam".
Bu sözləri “MediaPost”a AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibəti ilə jurnalistləri təbrikində bildirib.
“Bütün jurnalistləri ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı arzu edirəm. Onlar müstəqil Azərbaycanımızın getdikcə möhkəmlənməsi, torpaqlarımızın azad olunması istiqamətində öz işlərini layiqincə davam etdirsinlər. Hesab edirəm ki, jurnalistlərin bu məsələlərdə çox böyük rolu var. Azərbaycanda çox tanınmış jurnalistlər var. Mən bəziləri ilə çox yaxşı dostluq münasibəti qurmuşam. Aralarında ölənlər də olub. Hər dəfə bir yerə yığışıb, söhbətləşərdik. Onların bəzilərini xatırlayıram. Arzu edirəm ki, Həsən bəy Zərdabinin adına layiq jurnalistlərimizin sayı daha çox olsun”.
M.Mərdanov nazir olduğu dövrdən indiyədək jurnalistlərdən heç vaxt narazı qalmadığını deyib:
“Bəlkə də müəyyən hallar olub ki, bir-birimizi başa düşməmişik. Yaxud da, mən başa düşməmişəm. Bütövlükdə, hər zaman jurnalistlərdən razı qalmışam və onlara açıq olmuşam. Özləri də bunu deyə bilərlər. Mənim telefonum bütün jurnalistlərdə olub. Zəng ediblər, istəyəndə görüşüblər. Hesab edirəm ki, jurnalistlərimiz də məndən narazı qalmayıblar. Mən onlardan hər zaman razı olmuşam”.


