"Yuxudan duran deyir ki, mən rejissoram..." — Xalq artisti

MÜSAHİBƏ 04 iyl 2020, 00:28

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kazım Abdullayevin Yenisabah.az-a müsahibəsi: 

 

- Kazım müəllim, pandemiya yaradıcılığınıza necə təsir göstərib? Səhnə üçün darıxırsınız? 

 

- Bu pandemiya bizi yıxıb. Bu gün də çox pis xəbər eşitdik – Telestudiyanın rejissoru Etibar Babayev rəhmətə getdi. O da koronavirusdan dünyasını dəyişdi. Pandemiya mənə də çox təsir etdi, əvvəla, əməliyyatımdan sonraya düşdü. Məni ürəyimdən əməliyyat etmişdilər. Karantinlə əlaqədar da evdən bayıra çıxa bilmirdim. İndi özümü yaxşı hiss edirəm, keçdi getdi. Amma teatrdan, kollektivdən uzaq düşmüşük, hamımız bir-birimiz üçün darıxırıq. Çünki həmişə kollektivlə birgə olan adamlarıq, indi isə bir-birimizi görə bilmirik. Səhnə üçün də darıxıram. 50 ildir səhnədəyəm, 4-5 aydır evdə qalmışıq, təbii ki, darıxıram. Evdə olsaq da işsiz qalmıram, seriallara çəkilirəm. AzTV-də çəkilən bir serial var, orada da işləyirəm. İndi də yenə karantin qaydalarını sərtləşdirdilər, görək bu dəfə nə edəcəyik. Teatr üçün lap çox darıxıram... 

 

- Serialdan söz düşmüşkən, soruşmaq istərdik: Milli seriallarımızın səviyyəsi sizi qane edirmi?

 

- Əlbəttə, qane etmir, amma bilirsiniz ki, bu sahədə çox problemlər var. Əvvəla, serial, kino çəkmək üçün yaxşı pul lazımdır. Birinci bu pul yoxdur. Pul olmayanda da yaxşı material ortaya çıxmır. 

 

- Serialların süjet xətti, təbliğ etdiyi ideyalarla bağlı da ciddi problem var. Yazılan ssenarilər size qane edirmi? 

 

- Yaxşı ssenari üçün yaxşı yazıçılar olmalıdır. Onlar da elə-belə işləmək istəmir, çünki hamı ailəsini dolandırır. Serial çəkənlər də çox vaxt peşəkar aktyorları çağırmaq istəmirlər, çünki aktyorlar pul istəyirlər. Aktyor deyir ki, mənim işim budur, necə ki, ayaqqabı düzəldən ayaqqabı düzəldib pulunu alır, mən də eləcə rolumu oynayıb, pulumu almalıyam. Aktyor ad hamı kimi maaşını almalıdır. 

 

- Əsas iradlardan biri seriallara çəkilən aktyor heyətiylə bağlıdır. Vəsaitə qənaət etmək üçün seriallara təsadüfi adamların, hətta taksi sürücülərinin çəkildiyi iddia olunur. Belə hallarla razılaşmısınızmı? 

 

- Vəsaitə qənaət etmirlər, ümumiyyətlə vəsaitləri çatmır. Ona görə elə adamlar gətirirlər ki, çox xərcləri çıxmasın. Bu üzdən seriallar çox vaxt uğurlu alınmır. Amma bunlar hamısı düzələcək, müvəqqəti şeylərdir. Əsas hazırki müharibədən – koronavirusdan can qutarmağımızdır. Çünki doğurdan da vəziyyət çox ağırdır. Bunun axırı necə olacaq. Nə olacaq, hələ heç kəs bilmir. Çox pis vəziyyətdir, xəstələr də günü-gündən artır. Mən ilk gündən inanırdım ki, belə bir xəstəlik var. Ona görə də dost-tanışa rast gələndə, müsahibələrimdə deyirdim ki, ay balam, ehtiyyatlı olun, özünüzü qoruyun. Görünür, camaat indiyə qədər inanmır ki, belə bir xəstəlik var. Xəstəlik var! İndi bu siyasətdir nədir, bu öz yerində, ancaq xəstəlik də var, dərmanı isə yoxdur. Buna görə özümüzü qorumalıyıq. Bəziləri özlərini qorumur, qurunun oduna yaş da yanır. 

 

- Haqlısınız. Biz jurnalistlər də bu istiqamətdə çox təbliğat aparırıq. Amam mövzumuza qayıtmaq istərdim...

 

- Buyurun...

 

- Türk və digər xarici seriallarla rəqabət apara biləcək seriallar çəkmək üçün nə etmək lazımdır? Yeganə problem maliyyə çatışmazlığıdır, yoxsa başqa səbəblər də var? 

 

- Xeyr, gəlin belə danışaq, Türkiyə serialları 90-cı illərdə bilirsiniz də nə vəziyyətdə idi? Çox pis vəziyyətdə idi. Biz onların yanında çox yaxşı idik, Sovet vaxtı bizim böyük bir məktəbimiz vardı. Onlar bilirsiniz nə etdilər, gənc və istedadlı uşaqları yığdılar, göndərdilər oxumağa. Onlar oxumaq üçün getdilər Hollivuda, İtaliyaya, Fransaya. Gedib oxudular, öyrəndilər, dünyagörüşləri artdı və geri döndülər. Bundan sonra başladılar serialları çəkməyə. İndi görürük ki, Türk serialları bütün dünyanı zəbt edib. Bizdə də belə olmalıdır. İstedadlı uşaqları oxumağa göndərmək lazımdır. Çünki bizim universitetin elə bir bazası yoxdur ki, ağıllı-başlı kino çəkməyi, rejissorluq etməyi, montajı, operatorluğu öyrədə bilsin. Ona görə də mütləq şəkildə istedadı olan uşaqları yığıb xarici universitetlərə, kinostudiyalara göndərmək lazımdır ki, oxuyub, öyrənib gəlsinlər. Bizdə aktyor potensialı həqiqətən var. Bir az rejissor və ssenaristlər cəhətdən axsaqlıq var, onları da yığıb xaricə göndərsələr, hər şey yaxşı olacaq. Onlar gərək oxusunlar, öyrənsinlər... Sovet vaxtı necə idi, onda rejissor olmaq üçün əvvəlcə incəsənət universitetini bitirməli idin, sonra kinostudiyaya gəlib asistent kimi işləyirdin, daha sonra olurdun ikinci rejissor. Ora çatana qədər olurdu 30-32 yaşın, ondan sonra da göndərirdilər iki illik kurslara oxumağa. Gedib Moskvada oxuyurdular gəlirdilər. Ondan sonra 20 dəqiqəlik film çəkirdilər. Bu yolları keçəndən sonra gördülər ki, həmin adam film çəkə bilər, hə, ondan sonra ona bir film verirdilər, çəkirdi. Sonra da olurdu rejissor. Bəs bizdə necədir? Yuuxdan duran deyir ki, rejissoram. Bir dənə də kadr, 5-10 min də pul tapır deyir ki, rejissoram. Ona görə də ortada heç nə yoxdur. Bütün bu yolları keçmək lazımdır. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top