Xızı rayonunda dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İlqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, İlqar Məmmədov aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2015-ci ilin iyul ayının əvvəllərində Xızı rayonu, stansiya Yaşma sakini Azad Cəlilov ilə danışığa girib.
O, guya kommersiya məqsədilə Azad Cəlilovdan 350.000-400.000 manat dəyərində tikinti materialı olan çınqıl almağa vəd edib. Əslində isə zərərçəkmiş şəxsə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib.
İlqar Məmmədov Azad Cəlilova məxsus olan və Siyəzən rayonu ərazisində yerləşən daş karxanasından hər tonu 10 manatdan olmaqla, ümumilikdə 3687,62 ton tikinti materialı olan çınqılı əvəzsiz olaraq alıb.
O, həmin tikinti materialını qabaqcadan borclu olduğu Bakı şəhər sakini Azər Əhmədova hər tonu 9 manatdan satıb, ona olan borcundan çıxmasını bildirib.
Bu hərəkətləri ilə İlqar Məmmədov Azad Cəlilova ümumilikdə 33,189 manat ziyan vurub.
İstintaq orqanı tərəfindən İlqar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (x eyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Xızı rayon Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 1 aprel 2018-ci il tarixdən hesablanması qərara alınıb.
Hökmdən narazı qalan İlqar Məmmədov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
İlqar Məmmədov apelyasiya şikayətində qeyd edib ki, onun tərəfindən zərərçəkmiş şəxsə vurulumş ziyan 30000 deyil, 10000 manat olub.
Onun fikrincə, birinci instansiya məhkəməsi cəza təyin edərkən himayəsində bir azyaşlı övladının olmasını və anasının xərçəng xəstəliyindən əziyyət çəkməsini, ailəyə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə almayıb.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə İlqar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.
Fariz Məlikli Demokrat.az


