İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Əsgər Əsgərov, Rəşad Vəliyev, Zülfüqar Zülfüqarov və Tehran Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, Əsgər Əsgərov 2019-cu ilin fevralın ortalarında tanışları - Azərbaycan Respublikası vətəndaşları Zülfüqar Zülfüqarov, Rəşad Vəliyev, Tehran Nuriyev və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib.
Əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Əsgər Əsgərov 22 fevral 2019-cu ildə Biləsuvar gömrük postundan keçməklə cinayətkar qrup üzvləri Zülfüqar Zülfüqarov, Rəşad Vəliyev və Tehran Nuriyevlə birlikdə Azərbaycan Respublikasından İran İslam Respublikasına gedib.
Parsabad şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən 797,275 qram heroin, 292,262 qram metamfetamin psixotrop maddəsini əldə ediblər. Heroini 3 sellofan bağlamada, metamfetamin psixotrop maddəsini isə 2 sellofan bağlamada qablaşdıraraq 2 qazan dəstininin hər birində olan 4 qazandan ikisinin içərisində yerləşdiriblər, sonra qazanın içini eyni rəngdə boyanmış metal lövhə lehimləyərək gizlədiblər.
Daha sonra dəstə üzvləri psixotrop maddəsi gizlədilmiş qazan dəstini cinayətkar qrupun digər üzvləri Zülfüqar Zülfüqarov və Rəşad Vəliyev, tərkibindəki 4 qazandan birində 1 bağlamada 322,333 qram heroin narkotik vasitəsi və digərində 1 bağlamada 244,377 qram metamfetamin psixotrop maddəsi gizlədilmiş çəhrayı rəngli qazan dəstini isə cinayətkar qrupun başqa bir üzvü Tehran Nuriyev daşıyıblar.
Onlar İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən 23 fevral 2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən birlikdə keçiriblər.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (q abaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin barəsində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Hökmdən narazı qalan Əsgər Əsgərov apelyasiya şikayəti verib. Özünü ittiham üzrə təqsirli bilməyən Əsgər Əsgərov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Digər təqsirləndirilən Rəşad Vəliyev də əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, hər iki təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.
Fariz Məlikli


