Gündəm

"İstifadə etdiyin "zırt-pırt" ifadəsi..." — İlqar Məmmədovdan CAVAB

İstifadə etdiyin zırt-pırt ifadəsi... — İlqar Məmmədovdan CAVAB

ReAl Partiyanın sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşü birmənalı qarşılanmayıb.

Demokrat.az xəbər verir ki, bu addıma görə İ.Məmmədovu tənqid edənlər də olub, dəstəkləyənlər də.

Partiyanın keçmiş funksioneri Altay Göyüşov: "Seçkini əvvəlkilərdən də saxta keçirəndən sonra kimə lazımdır bu? Təbii ki, onlara. Nəyə lazımdır? Xaricilərə təqdim etmək üçün. Yəni saxta seçki imicini yumaq üçün. Hələ yaxşı ki, Administrasiyanın yerləşdiyi ərazinin JEK müdiri ilə görüşdürməyiblər”.

İlqar Məmmədov: “Seçkidən qabaq olsaydı, kimsə deyəcəkdi ki, parlamentdə yer danışırsınız”.

Altay Göyüşov: “Bilmirəm nə necə olacaqdı. Amma indiki görüşün mənası mən yazdığımdır. Səni də alət edirlər. 2000-ci ildə AXCP-nin getdiyi yolu gedirsiniz...”

İlqar Məmmədov: “Özün özünü alət kimi hiss etmirsən? Gəl Bakıya bir söhbət edək, bəlkə nəyisə bilmirsən. Almaniyada oturub Azərbaycan siyasətinə bu cür kateqorik qiymət vermək ağıllı adama yaraşmır...”.

Altay Göyüşov: “İndi də başladın özünü trollara oxşatmağa. Xaricdə oturub, zırt-pırt. Bunu heç olmasa, sən demə. Xaricdə oturub səni dürtdükləri yerdən çıxartmaq üçün də fəaliyyət göstərmişəm. Sonra geri də qayıtmışam. Arxayın ola bilərsən ki, harada olmağımdan asılı olmayaraq səndən yaxşı bilirəm nə var-nə yox...”

İlqar Məmmədov: “Altay bəy, istifadə etdiyin "zırt-pırt" ifadəsi güman ki, sənin üçün akademik bir ifadəyə çevrilib artıq, amma mənim üçün yox. Kim o dildə danışırsa, onlarla davamlı ünsiyyətində uğurlar arzulayıram”.

ReAl sədri mövqeyini bir daha bəyan edib: “Növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz edirəm. Hökumətlə danışıqlara getməməliyik? Mütləq getməliyik! Siyasətçinin vəzifəsidir ki, bütün siyasi tərəflərlə danışıqlar aparsın, ünsiyyət qursun, əməkdaşlıq etsin. Bütün bunlardan ölkənin demokratik inkişafı üçün istifadə etmək lazımdır. Bizim hökumətlə danışıqlara getməyimizin seçkilərin nəticələrinin leqallaşdırılması anlamına gəlməməlidir. Namizədlərimizin, demək olar, hamısı şikayətlərini təqdim ediblər. Biz bunu Avropa İnsan Haqları Məhkəməsində də mübahisələndirəcəyik. Qarşı tərəf seçkilərin nəticələrini saxtalaşdırır, biz isə etiraz edirik. Siyasətçilər gərək müzakirə aparsınlar. Dialoq mühiti yaranarsa, bəlkə ölkəyə faydası olar. Mitinqlərin keçirilməsi isə kütləvilikdən asılıdır. Əgər seçicilərin 50-60 faizi səsvermədə iştirak etsəydi, nəticəni saxtalaşdırmaq mümkün olmazdı. Hələlik il yarımlıq gərgin fəaliyyətimiz nəticəsində seçicilərin 15-20 faizinin səsvermədə iştirakına nail olmuşuq. Seçkilərdən sonra seçicilərin bir hissəsi etirazını bildirdi. Amma bu, kifayət deyil. Biz bu istiqamətdə işimizi davam etdirməliyik. Siyasi dialoq vacib dəyərdir. Hələlik isə dialoq mühiti yoxdur. Prezident Administrasiyasının şöbə müdiri bir görüşümüz olub, bu, tanışlıq xarakterlidir”

İ.Məmmədovun PA-nın şöbə müdiri ilə görüşünü dəstəkləyənlər də olub. Onlar dialoqun vacibliyini vurğulayıblar.

Qeyd: Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Böyük Quruluş Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı, Ağ Partiyanın sədri Tural Abbaslı, Gələcək Partiyasının sədri Ağasif Şakiroğlu ilə də görüşüb.(Pravda.az)

D
demokrat.az