Süni intellekt çat-botlarından tibbi məsləhət almaq dərmanların yanlış dozada qəbul edilməsi ilə nəticələnə bilər. Fransada 2024-cü ildən bəri süni intellektin tövsiyələri ilə əlaqəli səkkiz arzuolunmaz dərman reaksiyası qeydə alınıb. Hadisələrdən birində xəstənin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Le Figaro" Fransanın Dərman Vasitələrinin Təhlükəsizliyi üzrə Milli Agentliyinə (ANSM) istinadən məlumat yayıb.
Agentliyin hesabatına əsasən, qeydə alınan hadisələr arasında çat-botların məsləhətindən sonra iki nəfərin parasetamolu normadan artıq qəbul etməsi də var. Antibiotiklər və allergiya əleyhinə preparatlarla bağlı yanlış tövsiyələr də qeydə alınıb.
Ən diqqətçəkən hadisələrdən birində hamilə qadın miqren əleyhinə dərmanı həkimin təyin etdiyi dozadan altı dəfə çox qəbul edib. Buna səbəb onun süni intellekt çat-botunun məsləhətinə əməl etməsi olub. Digər hallarda isə tibbi sənədlərdə dərman adlarının yanlış tərcümə edilməsi nəticəsində xəstələrə uyğun olmayan preparatlar tövsiyə edilib.
Məlumata görə, hadisələr 17-89 yaş aralığında olan şəxsləri əhatə edib. Zərərçəkənlərin yarısı 18 yaşdan kiçik olub.
ANSM xəbərdarlıq edib ki, süni intellekt konkret xəstənin vəziyyətinə uyğun olmayan, qeyri-dəqiq və ya bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar təqdim edə bilər. Eyni zamanda, baş verən belə halların real sayının daha çox olduğu ehtimal edilir. Çünki dərmanların əlavə təsirləri ilə bağlı bütün hadisələr müvafiq qurumlara bildirilməyə bilər.
Agentliyin baş direktorunun müavini Aleksandr de La Volpilyer süni intellektdən istifadənin genişlənməsi ilə bu cür insidentlərin də arta biləcəyini bildirib.
Qurum vətəndaşlara çat-botların tövsiyəsi əsasında həkimin təyin etdiyi dərmanların dozasını dəyişməməyi və onların qəbulunu dayandırmamağı tövsiyə edib. Mütəxəssislər vurğulayıblar ki, süni intellekt tibbi mütəxəssisin konsultasiyasını əvəz edə bilməz.



