Ermənistanın keçmiş baş prokuroru Boris Nazaryana müdafiə nazirinin sabiq müavini Vaqram Xorxoruninin qətli ilə bağlı ittiham irəli sürülüb.
Demokrat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın versiyasına görə, 1999-2001-ci illərdə baş prokuror vəzifəsində çalışmış Nazaryan sözügedən qətlin araşdırılmasına lazımi nəzarəti həyata keçirməyib. Nəticədə, cinayətdə əli olduğu ehtimal edilən iki nəfər barəsində cinayət təqibi 2000-ci ildə dayandırılıb. İş üzrə təqibə yalnız 2025-ci ilin iyulunda yenidən başlanılıb.
Qeyd edək ki, Vaqram Xorxoruni 1998-ci il dekabrın 10-na keçən gecə yaşadığı binanın girişində güllələnərək öldürülüb.
İstintaq materiallarına əsasən, qətlin təşkilində və törədilməsində S.A. adlı hərbçinin iştirak etdiyi bildirilir. Onun 1998-ci ilin noyabr-dekabr aylarında Qarabağ erməniləri olan X.N. və A.A. ilə razılığa gəldiyi, cinayətin icrası müqabilində onlara müvafiq olaraq 10 min və 15 min dollar vəd etdiyi iddia olunur.
Məlumata görə, razılaşdırılmış vaxtda üç nəfər Xorxorunini yaşadığı binanın qarşısında gözləyərək onu güllələyib.
Cinayətin təşkilində şübhəli bilinən Sasun Aruşanyan da daha əvvəl saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Qarabağdakı separatçı rejimin keçmiş üzvü Samvel Babayanın təhlükəsizlik xidmətinin rəhbəri olub.
İş üzrə qətli icra etməkdə şübhəli bilinən şəxslər sırasında Artur Arakelyan və Hrayr Narimanyanın da adları çəkilir.



