YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Balığı qızardarkən undan istifadə etməyin: Daha xırtıldayan qabıq üçün məsləhət

Balığı qızardarkən undan istifadə etməyin: Daha xırtıldayan qabıq üçün məsləhət

Qızardılmış balığın dadlı və xırtıldayan alınması üçün onu mütləq una bulamaq lazım deyil. Mətbəxdə tez-tez edilən səhvlərdən biri balığın üzərinə həddindən artıq un əlavə etməkdir. Bu isə yeməyin dadını poza, qızartma zamanı unun yanaraq acı dad verməsinə səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, Ukraynanın UNIAN nəşri balığın daha ləzzətli hazırlanması üçün bir neçə fərqli panir üsulunu təqdim edib.

Balığı qızartmazdan əvvəl təmizləmək, içalatını çıxarmaq, pulcuqlarını və üzgəclərini yumaq lazımdır. Xırda balıqları bütöv qızartmaq üçün onların yan hissələrində eninə kəsiklər etmək, iri balıqları isə 2-3 santimetr qalınlığında doğramaq məsləhət görülür.

Balığın üzərində qızılı və xırtıldayan qabıq yaratmaq üçün ən yaxşı alternativlərdən biri qarğıdalı nişastasıdır. O, undan daha az yağ udur və qızartma zamanı xırtıldayan təbəqə əmələ gətirir. Balığı nişastaya buladıqdan sonra artıq hissəsini silkələmək və bir neçə dəqiqə gözləmək lazımdır. Daha sonra duz və istədiyiniz ədviyyatları əlavə edə bilərsiniz.

Digər üsul isə yumurtalı qarışımdan istifadə etməkdir. Xüsusilə, ətli və iri balıq tikələri bu üsulla daha dadlı alınır. Bunun üçün bir yumurtanı dörd xörək qaşığı un və zövqə uyğun ədviyyatlarla qarışdırmaq, balıq tikələrini həmin qarışıma batıraraq dərhal tavaya qoymaq tövsiyə olunur.

Adi undan istifadə edənlər isə balığın üzərində qalın təbəqə yaratmamalıdırlar. İncə un qatı kifayətdir. Əks halda, artıq un tavada yanaraq yeməyə xoşagəlməz dad verə bilər.

Nəşrin məlumatına görə, xırda balıqları hər tərəfdən 3-4 dəqiqə, iri tikələri isə 7-8 dəqiqə qızartmaq məsləhətdir. Hazır balıq artıq yağın çəkilməsi üçün kağız salfet üzərinə qoyula bilər. Süfrəyə kartof, düyü və ya salatla təqdim etmək, dadını tamamlamaq üçün üzərinə limon suyu sıxmaq olar.

Məqalədə tavaya yapışmayan və qabların çirklənməsinin qarşısını alan üsul da təqdim edilir. Bunun üçün tavanın dibinə hər iki tərəfi yağlanmış bişirmə perqamenti sərmək və balığı onun üzərində qızartmaq kifayətdir. Beləliklə, tava nisbətən təmiz qalacaq.