Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TikTok platformasının insan beyninə, xüsusilə də gənclərə mənfi təsir etdiyini bildirib.
Demokrat.az xəbər verir ki, o bu barədə Moskvada keçirilən "AI Journey 2026" beynəlxalq konfransı çərçivəsində süni intellekt sahəsində çalışan gənc mütəxəssislərlə görüş zamanı danışıb.
Tokayev smartfonların imkanlarından yalnız ünsiyyət və əyləncə məqsədilə deyil, daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb. O, TikTok-u gənclərin beyin fəaliyyəti üçün təhlükəli platforma kimi xarakterizə edib.
Prezident, həmçinin Qazaxıstanda xalq rəqəmsal iqtisadiyyatının inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, rəqəmsal texnologiyalardan düzgün istifadə və internetə çıxış insanların, hətta ucqar yaşayış məntəqələrində yaşayanların belə gəlir əldə etməsinə imkan yaradır.
Tokayev vətəndaşların rəqəmsal bacarıqlarının artırılmasının, müasir texnologiyalardan istifadə etməklə qanuni gəlir mənbələri yaratmaq imkanlarının öyrədilməsinin vacibliyini diqqətə çatdırıb.
"Bunu xalq rəqəmsal iqtisadiyyatı adlandırıram", – deyə dövlət başçısı bildirib.



