Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın sülh səyləri üzrə xüsusi elçisinin müşaviri ilə TRIPP layihəsini və ikitərəfli əməkdaşlığı müzakirə edib.
Demokrat.az xəbər verir ki, ABŞ-ın sülh səyləri üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun, ABŞ Prezidenti Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı, Birləşmiş Ştatlara səfər etməsi ilə bağlı dəvətnaməni ona çatdırıb.
Xatırladırıq ki, Paşinyan və Laytstoun arasında görüş dünən baş tutub.
Paşinyan Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın ardıcıl olaraq dərinləşdirilməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, praktiki mərhələsi bu gün başlayan TRIPP layihəsinin həyata keçirilməsi bu prosesə mühüm töhfə verəcək.
Paşinyan həmçinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasında, eləcə də regional əlaqələrin inkişafına yönəlmiş təşəbbüslərin irəlilədilməsində Trampın rolunu xüsusi qeyd edib.
Laytstoun öz növbəsində Paşinyana ABŞ-da keçiriləcək Milli Dua Səhər yeməyində (National Prayer Breakfast) iştirak etmək və ABŞ Prezidenti ilə görüşmək üçün dəvət çatdırıb. O, qeyd edib ki, iki ölkə liderləri arasında görüş ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək.
Tərəflər həmçinin regional proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, daha əvvəl, TRIPP layihəsinin tikintisinə başlanması münasibətilə çıxışı zamanı, Tramp Paşinyanı 2027-ci ildə ABŞ-a dəvət etmişdi.
TRIPP layihəsi (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) Ermənistanın Sünik vilayətindən(tarixi Azərbaycan ərazisi Zəngəzur - red.) keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Vurğulanır ki, bu dəhliz yalnız Ermənistanın yurisdiksiyası altında fəaliyyət göstərəcək və ölkənin suverenliyinə xələl gətirməyəcək.
Layihəyə əsasən, Ermənistan ABŞ-a həmin marşrutu inkişaf etdirmək üçün 99 ilə qədər müddətə müstəsna və uzunmüddətli hüquqlar verəcək. Azərbaycan isə bu marşrutdan Naxçıvanla quru əlaqəsi yaratmaq üçün istifadə edə biləcək.
Plan, ABŞ-ın nəzarət payına sahib olacağı bir şirkətin yaradılmasını, eyni zamanda Ermənistanın əsas məsələlərlə bağlı nəzarət mexanizmlərini qoruyub saxlamasını nəzərdə tutur. İlkin mərhələdə ABŞ-ın 74%, Ermənistanın isə 26% paya sahib olması, müqavilə yeniləndikdə isə Ermənistana öz payını 49%-ə qədər artırmaq imkanının verilməsi təklif olunur.



