Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin üçüncü rübündə 13 319 bank kartı dələduzluğu halı qeydə alınıb, 2 milyon manatdan çox vəsait ələ keçirilib. Dələduzluq halları əvvəlki rüblə müqayisədə 49 faiz artıb.
Belə hallarda vətəndaşın bankdan pulunu geri tələb etmək hüququ varmı? Əgər əməliyyat müştərinin təsdiqi ilə həyata keçirilibsə, bank məsuliyyətdən azad olunurmu?
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu məsələyə hüquqi baxımdan yanaşarkən iki fərqli halı nəzərə almaq lazımdır.

Onun sözlərinə görə, birinci halda bank müştərisi kartına aid məlumatları özü üçüncü şəxslərlə paylaşır:
"Məsələn, dələduzlar ona zəng edərək müxtəlif vədlərlə aldadır, kart məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi informasiyaları ələ keçirirlər. Eyni zamanda, müştəri şübhəli saytlardan alış-veriş edərkən kart məlumatlarını həmin platformalara daxil edə bilər. Əgər araşdırma nəticəsində pulun məhz müştərinin ehtiyatsızlığı və ya məlumatları könüllü şəkildə paylaşması nəticəsində çıxarıldığı müəyyən edilərsə, bu halda bankın məsuliyyət daşıması üçün əsas olmaya bilər.
İkinci halda isə vəziyyət fərqlidir. Ola bilər ki, müştəri heç bir kart məlumatını üçüncü şəxslərlə paylaşmayıb, şübhəli keçidlərə daxil olmayıb və təhlükəsizlik qaydalarını pozmayıb. Buna baxmayaraq, kənar şəxslər bankın informasiya sisteminə və ya təhlükəsizlik infrastrukturuna müdaxilə edərək müştərinin hesabındakı vəsaiti ələ keçiriblər. Belə vəziyyətdə bankın təhlükəsizlik sisteminin nə dərəcədə etibarlı olması, məlumatların necə qorunması və əməliyyatın hansı boşluqdan istifadə edilərək həyata keçirilməsi araşdırılmalıdır. Əgər dələduzluq bankın təhlükəsizlik sistemindəki boşluq və ya bankın öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi nəticəsində baş veribsə, bankın məsuliyyəti yarana bilər. Yəni hər bir halda konkret hadisənin necə baş verdiyi araşdırılmalıdır. Bütün məsuliyyəti avtomatik olaraq bankın və ya müştərinin üzərinə qoymaq düzgün yanaşma deyil".



