Gələn ildən bank əmanətlərindən əldə olunan faiz gəlirlərinin vergiyə cəlb edilməsi nəzərdə tutulur. Belə ki, aylıq 500 manat faiz gəliri əldə edən şəxslər 300 manatlıq hissə üzrə gəlir vergisi ödəməli olacaqlar. Mövcud vergi güzəştlərinin müddətinin bu ilin sonunda başa çatması əmanət sahiblərinin gəlirlərinə təsirsiz ötüşməyəcək.
Vergi güzəştlərinin ləğvi fonunda banklar depozit faizlərini artıraraq əmanətçilərin gəlir itkisini kompensasiya edə biləcəklərmi? Vətəndaşlar bank depozitlərindən imtina edərək vəsaitlərini hansı alternativ alətlərə yönəldəcəklər? Vergi yükü kiçik və orta həcmli yığımları olan vətəndaşların qənaət vərdişlərinə necə təsir göstərəcək?
İqtisad elmləri doktoru Aqil Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, 2027-ci ildən bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştinin müddətinin başa çatması həm əmanətçilərin davranışına, həm də bank sektorunun resurs bazasına təsir göstərə bilər:

"Məsələyə yalnız büdcə gəlirlərinin artırılması prizmasından yanaşmaq düzgün olmazdı. Burada bankların maliyyələşmə mənbələri, əhalinin yığım imkanları, maliyyə bazarının inkişafı və milli valyutaya etimad kimi bir-biri ilə əlaqəli məsələlər mövcuddur. Mövcud qaydalara əsasən, hər bir bankda manatla yerləşdirilən əmanətlər üzrə aylıq 200 manatadək faiz gəliri vergidən azaddır. Bundan əlavə, 18 ay və daha uzun müddətə yerləşdirilən, əsas məbləği həmin müddət başa çatmadan geri götürülməyən manat əmanətlərinin faiz gəlirlərinə tam vergi güzəşti tətbiq edilir. Güzəştin 2026-cı ilin sonunda başa çatması gözlənilir. Güzəşt müddəti uzadılmasa, 2027-ci ildən aylıq 200 manatdan artıq faiz gəliri 10 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu halda, məsələn, aylıq 500 manat faiz gəliri əldə edən əmanətçinin 300 manatlıq gəlir hissəsi vergiyə cəlb ediləcək və faktiki vergi ödənişi 30 manat təşkil edəcək. Nəticədə vətəndaşın aylıq xalis gəliri 500 manatdan 470 manata enəcək. Başqa sözlə, bank əmanət üzrə illik 10 faiz gəlir təklif edirsə, vergi güzəştinin ləğvindən sonra 200 manatdan artıq aylıq gəlir hissəsinə tətbiq edilən 10 faizlik vergi əmanətçinin faktiki gəlirliliyini aşağı salacaq. Əmanətçinin əvvəlki xalis gəlirini qorumaq üçün bank faiz dərəcəsini müəyyən qədər yüksəltməli olacaq. Lakin faiz artımı bankın faiz marjasını daralda bilər. Digər tərəfdən, banklar arasında depozit resursları uğrunda rəqabət güclənərsə, bəzi maliyyə qurumları daha yüksək faiz təklif etməklə müştərilərini qorumağa çalışa bilərlər".
Aqil Əsədov əlavə edib ki, belə dəyişikliklər xüsusilə uzunmüddətli və iri həcmli əmanətlər üzrə müşahidə oluna bilər:
"Bankların reaksiyası üç istiqamətdə özünü göstərə bilər: depozit faizlərinin müəyyən həddə artırılması, daha çevik və fərqli şərtlərə malik əmanət məhsullarının təklif edilməsi, eləcə də əmanətçilərin gəlir itkisini bankın digər məhsul və xidmətləri vasitəsilə qismən kompensasiya etməsi. Bununla belə, bankların bütün vergi yükünü öz üzərinə götürəcəyini gözləmək real deyil. Çünki bankların da gəlirlilik və maliyyə dayanıqlığı baxımından məhdudiyyətləri var. Vergi güzəştlərinin ləğvi əmanətlərin xalis gəlirliliyini azaldarsa, bəzi vətəndaşlar banklarda daha az vəsait saxlamağa, yığımlarını qısamüddətli depozitlərə bölməyə və ya istehlaka yönəltməyə üstünlük verə bilərlər. Bu halda inflyasiyanın və dövriyyədəki pul kütləsinin artması da mümkündür. Bütün bunlara baxmayaraq, əmanətlər üzrə vergi siyasətində əsas prinsip qısamüddətli büdcə gəlirləri ilə uzunmüddətli maliyyə sabitliyi arasında optimal tarazlığın qorunması olmalıdır. Xüsusilə Azərbaycanda qeyri-neft sektorunun maliyyə əlçatanlığının artırılması, sahibkarlığın maliyyə resurslarına çıxışının yaxşılaşdırılması və investisiya fəallığının yüksəldilməsi qarşıya mühüm vəzifə kimi qoyulduğu bir dövrdə bankların uzunmüddətli depozit resurslarının təşviqi daha geniş iqtisadi siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Əmanət gəlirlərinə vergi güzəştinin uzadılması yalnız əmanətçilərə verilən güzəşt kimi deyil, həm də bank sektorunun maliyyə resurslarının, daxili investisiya potensialının və əhalinin yığım mədəniyyətinin dəstəklənməsi mexanizmi kimi nəzərdən keçirilə bilər".



