YapiKredi Müraciət Forması
İdman Özəl

"Fənərbağça" 20 milyon avroluq transferə hazırlaşır

Fənərbağça 20 milyon avroluq transferə hazırlaşır

Türkiyənin "Fənərbağça" klubu qış transfer pəncərəsi üçün heyətini gücləndirmək istiqamətində çalışmalarını sürətləndirib. İstanbul təmsilçisinin diqqəti Braziliyanın "Korintians" klubunda çıxış edən 20 yaşlı Andre Luizə yönəlib. Lakin gənc futbolçunun transferi uğrunda rəqabətə Yunanıstanın "Olimpiakos" və İngiltərənin "Nottingem Forest" klubları da qoşulub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.

Məlumata görə, "Fənərbağça"nın transfer siyahısında Andre Luiz orta xətt üçün əsas namizədlərdən biridir. İstanbul klubu daha əvvəl "Botafogo"nun Danilo üçün 40 milyon avro tələb etməsindən sonra diqqətini 20 yaşlı braziliyalıya yönəldib.

Lakin "sarı-lacivərdlilər" bu transferdə tək deyil. "Olimpiakos" və "Nottingem Forest" də futbolçunun çıxışını yaxından izləyir. Hər iki klubun sahibi olan yunan iş adamı Evangelos Marinakisin Andre Luizlə bağlı xüsusi plan hazırladığı iddia olunur.

Belə ki, Marinakisin gənc futbolçunu əvvəlcə "Olimpiakos"a transfer edərək Avropa futboluna uyğunlaşdırmaq, daha sonra isə "Nottingem Forest"ə göndərmək niyyətində olduğu bildirilir.

"Fənərbağça"nın isə mövsümün əvvəlindən izlədiyi Andre Luiz üçün 20 milyon avro ödəməyə hazır olduğu qeyd edilir. Bununla belə, "Korintians" rəhbərliyi bu məbləğin daha da artırılacağına ümid edir.

Andre Luiz cari mövsümdə Braziliya klubunun heyətində 42 rəsmi oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.