Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşünün Ermənistanda keçirilməsi nəzərdə tutulur. Əvvəlki görüşlərdən biri ötən il oktyabrın 25-də İrəvanda, digəri noyabr ayında Bakıda, sonuncu görüş isə Qəbələ şəhərində baş tutub.
Digər tərəfdən, Ermənistan Konstitusiyasına dəyişiklik məsələsi də diqqət mərkəzindədir. Azərbaycanın bu məsələdə həssas yanaşdığı məqamlar var. Hazırda Ermənistan hökuməti beynəlxalq platformalarda Qarabağ məsələsini gündəmə gətirmir. Əksinə, Baş nazir Nikol Paşinyan Qarabağ məsələsinin Ermənistanın inkişafına və gələcəyinə mane olduğunu vurğulayır.
Bu görüşlərin real nəticəsi nədir? Eyni tərkibdə keçirilən müzakirələr gələcəkdə konkret nəticələrə gətirib çıxara bilərmi? Sonrakı mərhələdə nümayəndə heyətlərinin tərkibinin genişləndirilməsi və prosesə yeni şəxslərin cəlb olunması nəzərdə tutula bilərmi? Bütün bunlar fonunda sülh prosesinin növbəti mərhələsində nə gözləmək olar?
Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycanın qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin görüşlərinin keçirilməsi artıq ənənə halını almaqdadır.

Onun sözlərinə görə, ötən ildən etibarən başlayan prosesin əsas məqsədi iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərinin müzakirə edilməsi, qarşılıqlı etimad mühitinin yaradılması və möhkəmləndirilməsidir:
"Nəzərə alsaq ki, bu proses sülh müqaviləsinin imzalanması və gələcək münasibətlərin qurulması baxımından əhəmiyyətlidir, əvvəlki görüşlərdə iştirak edən nümayəndə heyətlərinin tərkibinin genişləndirilməsi də mümkün variantlardan biridir. Əgər proses müsbət istiqamətdə davam edərsə, iştirakçıların sayı və təmsilçilik səviyyəsi arta bilər. Bu isə münasibətlərin normallaşmasına daha çox töhfə verə bilər. Şübhəsiz ki, müzakirə olunan məsələlər arasında Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı mövzu, eləcə də keçmiş Qarabağ erməniləri və digər məsələlər yer alır.
Düşünürəm ki, qeyd olunan mövzular həmin görüşlərdə real şəkildə müzakirə olunmalıdır. Belə görüşlərdə əsas diqqət qarşılıqlı maraq doğuran məsələlərə, münasibətlərin normallaşdırılması üçün atılmalı addımların müəyyənləşdirilməsinə və razılaşdırılmasına yönəldilə bilər".
Politoloq bu tip görüşlərin sülh prosesini sürətləndirə biləcəyini qeyd edib:
"Sülh prosesinə təkan verəcək əsas amillərdən biri Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi və müsbət nəticənin əldə olunmasıdır. Bundan sonra sülh müqaviləsinin imzalanması mümkün ola bilər. Lakin müqavilənin imzalanması iki ölkə arasında münasibətlərin dərhal və sürətli şəkildə bərpa olunacağı anlamına gəlmir. Bu baxımdan, qarşılıqlı etimad mühitinin yaradılması çox vacibdir ki, gələcək münasibətlər daha sağlam təməl üzərində qurula bilsin. Ona görə də ictimaiyyət nümayəndələrinin davamlı görüşlərinin keçirilməsini müsbət hadisə hesab edirəm".


