Dünyanın aparıcı dövlətləri arasında geosiyasi rəqabət və beynəlxalq gərginlik fonunda noyabrın 19-da Çin, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşünün keçiriləcəyi gözlənilir. Görüşdə Ukrayna müharibəsi, Yaxın Şərqdəki böhran, Qəzza-Fələstin məsələsi, eləcə də qlobal iqtisadiyyat və logistika problemlərinin müzakirə olunacağı ehtimal edilir. Bu görüşdə qəbul ediləcək qərarlar yalnız böyük dövlətlər arasındakı münasibətlərə deyil, digər regionlarda, o cümlədən Cənubi Qafqazda siyasi və iqtisadi proseslərə də təsir göstərə bilər.
Bu üçtərəfli görüşün nəticələri dünyada gedən geosiyasi prosesləri hansı istiqamətdə dəyişə bilər? Qəbul ediləcək qərarların Cənubi Qafqaza, xüsusilə Azərbaycanın siyasi, iqtisadi və logistika maraqlarına təsiri necə ola bilər?
Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, görüşdə iştirak edəcək üç dövlətin Rusiya, ABŞ və Çinin maraqları kəskin şəkildə toqquşur.

Onun sözlərinə görə, hazırda bu ölkələr arasında qlobal maraqlarla bağlı ciddi ziddiyyətlər mövcuddur və bu amil onların bir sıra məsələlərdə ortaq mövqeyə gəlməsini çətinləşdirir:
"Buna görə də görüşün daha çox formal xarakter daşıyacağı və qlobal miqyasda konkret qərarların qəbul olunması ehtimalının aşağı olduğu düşünülür. Görüşün əsas müzakirə mövzularından biri dünyada nüvə silahının yayılmasının qarşısının alınması ola bilər. Belə ki, Rusiya ilə ABŞ arasında mövcud olan nüvə silahlarına nəzarət sazişinin müddəti başa çatdıqdan sonra Vaşinqton yeni razılaşma əldə etməyə çalışır. ABŞ bu sazişə Çinini də daxil etmək niyyətindədir. Lakin rəsmi Pekin məsələyə ehtiyatlı yanaşır. Çünki ABŞ və Rusiyanın nüvə potensialı Çinin nüvə imkanlarını 4-5 dəfə üstələyir. Çin hesab edir ki, nüvə silahlarının ixtisarı prosesinə ilk növbədə ABŞ və Rusiya başlamalı, onların nüvə potensialı Çinlə müqayisəolunan səviyyəyə çatdıqdan sonra Pekin belə bir sazişə qoşulmağı nəzərdən keçirə bilər. Hazırkı şərtlər daxilində isə Çinin bu razılaşmanı imzalamaq niyyəti yoxdur.
Həmçinin oxu:
Dünya üç lider arasında bölünür? – Ekspert açıqladı
Digər mühüm məsələ isə üç dövlətin logistika maraqları arasındakı ziddiyyətlərdir. Xüsusilə Cənubi Qafqazda yeni logistika layihələrinin reallaşdırılması məsələsində ölkələrin mövqeləri fərqlənir. Rusiya regionda yeni nəqliyyat və logistika layihələrinin həyata keçirilməsinə ciddi müqavimət göstərir. ABŞ isə TRİP layihəsi üzrəindən Cənubi Qafqazda mövqelərini gücləndirmək, Zəngəzur dəhlizi və digər logistika layihələrinin reallaşdırılmasında iştirak etmək istəyir. Bu maraqlar müəyyən mənada Çinin maraqları ilə də üst-üstə düşür. Çünki Pekin yeni logistika marşrutlarına ehtiyac duyur və Cənubi Qafqaz üzərindən keçən nəqliyyat yolları Çin üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Rusiya ilə digər iki dövlətin Cənubi Qafqazla bağlı ortaq mövqeyə gəlməsi inandırıcı görünmür. Əksinə, dünyanın üç böyük dövləti arasında regionda daha geniş nüfuz və təsir imkanları əldə etmək uğrunda rəqabətin güclənəcəyi gözlənilir.
Beləliklə, Cənubi Qafqazda mövcud geosiyasi sistemlə yeni geosiyasi reallıqların toqquşması artıq başlayıb və yaxın dövrdə bu prosesin daha da intensivləşəcəyi ehtimal olunur. Regionun strateji əhəmiyyətinin artması da bu rəqabəti gücləndirən əsas amillərdəndir. Çünki Cənubi Qafqaz gələcəkdə Avropa ilə Asiya arasında əsas tranzit məkanlarından birinə çevrilə bilər. Bu isə regionda geosiyasi iradə və təsir imkanlarına sahib olmaq uğrunda böyük dövlətlər arasında mübarizəni daha da kəskinləşdirə bilər. Bütün bunlar yaxın gələcəkdə Cənubi Qafqazda baş verəcək geosiyasi, geostrateji və geoiqtisadi proseslərin istiqamətinə birbaşa təsir göstərə bilər".


