Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə üçtərəfli sammit keçirmək təklifi dünyada yeni güc bölgüsü ilə bağlı müzakirələri gündəmə gətirib.
Belə bir görüş 1945-ci il Yalta konfransını xatırladan yeni siyasi düzənin yaranmasına səbəb ola bilərmi? Bu, Ukrayna müharibəsinin taleyinə və Avropanın təhlükəsizliyinə necə təsir edər?
Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Putinin Tramp və Si Cinpinlə üçtərəfli görüş keçirmək təklifi dünya miqyasında böyük maraq və narahatlıq doğura bilər.

Onun sözlərinə görə, indidən bunu yeni Yalta konfransı kimi qiymətləndirmək tezdir:
"1945-ci il Yalta konfransından əvvəl, 1943-cü ildə Tehran konfransı keçirilib və burada müharibənin gedişi ilə bağlı tərəflərin qəbul etdiyi qərarlar müzakirə olunub. Həmin qərarların icrasından sonra Yalta konfransı baş tutub və yeni siyasi reallıqlarla bağlı razılaşmalar əldə edilib. Lakin indidən bunu yeni Yalta konfransı kimi qiymətləndirmək tezdir. Hazırkı şəraitdə isə böyük dövlətlər arasında keçirilən görüşlərdə hələlik əsasən ikitərəfli məsələlər müzakirə olunur. Ukrayna və İran məsələləri də gündəmdə olsa da, bu istiqamətlərdə konkret razılaşmaların əldə olunduğunu söyləmək çətindir. ABŞ hazırda Ukraynaya təzyiq göstərərək onu danışıqlar masasına gətirməyə və müəyyən güzəştlərə sövq etməyə çalışır. Eyni zamanda, Avropanın bu proseslərdən kənarda saxlanılması ilə bağlı narahatlıqlar mövcuddur. Üçtərəfli görüşün keçirilməsi özlüyündə dünyada yeni siyasi nizamın formalaşması demək deyil. Belə bir nəticəyə gəlmək üçün tərəflər arasında konkret razılaşmalar əldə olunmalı, digər böyük və regional güclərin mövqeləri də nəzərə alınmalıdır. Bu məsələdə Hindistan, Türkiyə, Pakistan və Avropanın aparıcı dövlətlərinin mövqeyi də əhəmiyyət daşıyır. Həmin ölkələrin maraqları və prosesdəki rolu aydınlaşmadan dünyanın nüfuz dairələrinə bölünməsi barədə qəti fikir söyləmək tezdir. Hazırda böyük dövlətlərin imkanları və mövqeləri də eyni deyil. Rusiya uzun müddətdir Ukraynada müharibə aparmasına baxmayaraq, qarşıya qoyduğu bütün məqsədlərə nail ola bilməyib. Bu müddətdə gücünü artıran tərəflərdən biri isə Çin olub. Buna görə də gələcək mümkün razılaşmalarda Rusiyaya hansı rolun ayrılacağı ayrıca sual olaraq qalır. Belə bir görüşün keçirilməsi dünya nizamı ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirə bilər. Bununla belə, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları var. Əgər mümkün üçtərəfli danışıqlarda İran, Ukrayna və Tayvan məsələləri üzrə qarşılıqlı razılaşmalar əldə olunarsa, dünyada yeni siyasi nizamın formalaşması barədə daha əsaslı fikir yürütmək mümkün olacaq. Belə bir ssenaridə Çin və Rusiyanın İran məsələsində ABŞ-nin maraqlarını, ABŞ-nin isə Tayvan məsələsində Çinin maraqlarını nəzərə alması, Ukrayna məsələsində isə Rusiyanın maraqlarının müzakirə olunması ehtimalı gündəmə gələ bilər. Lakin bu məsələlər üzrə konkret razılaşmalar əldə olunmasa və danışıqlar prosesi davam etsə, üçtərəfli görüşü yeni Yalta konfransı kimi qiymətləndirmək hələ tez olacaq".


