YapiKredi Müraciət Forması
Xarici siyasət

Azərbaycan Beynəlxalq Hakimlər Assosiasiyasının 68-ci Baş Assambleyasında təmsil olunub

Azərbaycan Beynəlxalq Hakimlər Assosiasiyasının 68-ci Baş Assambleyasında təmsil olunub

Cari ilin 15-21 oktyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində Beynəlxalq Hakimlər Assosiasiyasının 68-ci Baş Asambleyası keçirilib.

Demokrat.az xəbər verir ki, tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev, sədr müavinləri Sənan Hacıyev, Ələddin Cəfərov və Ali Məhkəmənin İnzibati kollegiyasının sədri Xəqani Məmmədov iştirak ediblər.

Açılış mərasimində və tədbir çərçivəsində keçirilmiş beynəlxalq konfransda Portuqaliya Milli Assambleyasının sədri Joze Pedru Aqiar-Branku, Portuqaliyanın Ali Məhkəməsinin sədri Juan Kura Marianu, habelə BMT-nin Hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi məruzəçisi Marqaret Sattertueyt və digər natiqlər çıxış edərək, qanun aliliyinin təmin olunmasında hakimlərin müstəqilliklərinin əhəmiyyəti, həmçinin dünyada son illər bu istiqamətdə baş verən neqativ halların qarşısının alınmasında hakimlər assosiasiyalarının artan rolu vurğulandı.

Daha sonra təşkilatın İşçi qruplarının iclasları çərçivəsində üzv dövlətlərdə məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı mövcud problemlər müzakirə olundu. Polşada Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinin icrasına qarşı davam edən maneələr, Albaniya, Serbiya və Litvada məhkəmələrin maddi təminatları, o cümlədən hakimlərin əmək haqqları ilə bağlı yaranmış ağır vəziyyət tənqid olunaraq, Tunis, Çili və Peruda hakimlərin fikir və söz azadlıqlarının məhdudlaşdırılması, habelə hakimlərin əsassız cinayət məsuliyyətinə cəlb edilmələrini pisləyən qətnamələr qəbul edildi. Ölkələrində hakimlərin müstəqilliyini şübhə altına alan yeni seçim sisteminin tətbiqinə biganə yanaşmaqla, Beynəlxalq Hakimlər Assosiasiyasının nizamnamə tələblərinə cavab vermədiklərindən Meksika Hakimlər Assosiasiyasının təşkilatdakı üzvlüyünə xitam verilmişdir.

Asambleya çərçivəsində məhkəmələrdə süni intelektin tətbiqi üzrə vahid yanaşmaların müəyyənləşdirilməsi, habelə təcrübə mübadiləsinin həyata keçirilməsi üçün yeni işçi qrup təsis edilmiş və Azərbaycan nümayəndə heyətinin üzvü Sənan Hacıyev işçi qrupa üzv seçilmişdir.