YapiKredi Müraciət Forması
Xarici siyasət

"Orta Dəhliz üzrə yük həcminin 2030-cu ilədək 11 milyon tona çatacağı proqnozlaşdırılır"

Orta Dəhliz üzrə yük həcminin 2030-cu ilədək 11 milyon tona çatacağı proqnozlaşdırılır

Türk dünyasının artan əhəmiyyəti yalnız ortaq irslə deyil, həm də ümumi iqtisadi və strateji potensialın miqyası ilə müəyyən olunur. 2025-ci ilin sonuna dair açıqlanan rəqəmlərə əsasən, Türk Dövlətləri Təşkilatı (TDT) üzv və müşahidəçi dövlətlərinin ümumi daxili məhsulu 2,4 trilyon ABŞ dollarını ötüb. Onların ümumi ticarət dövriyyəsi isə təxminən 1,27 trilyon dollara çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin məqaləsində qeyd olunub.

Məqalədə vurğulanıb ki, qlobal enerji sistemlərinin sürətlə dəyişdiyi və tələbatın artdığı dövrdə birlikdə fəaliyyət göstərmək seçim məsələsi deyil, zərurətdir. Son TDT Zirvə görüşlərində də enerji təhlükəsizliyinin əhəmiyyəti vurğulanıb. Belə ki, enerji təhlükəsizliyi sabit təchizatın təmin olunması, ticarətin artırılması, iqtisadi və geosiyasi sabitliyin gücləndirilməsi üçün boru kəmərlərinin, elektrik şəbəkələrinin, enerjisaxlama sistemlərinin və nəqliyyat marşrutlarının bir-biri ilə əlaqələndirilməsindən asılıdır.

"Türk dövlətləri Cənub Qaz Dəhlizi, Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi, Kambarata-1 Su Elektrik Stansiyası və Qara dənizin dibi ilə çəkilən sualtı elektrik kabeli kimi iri infrastruktur layihələri vasitəsilə regional və beynəlxalq enerji bağlantılarını gücləndirir. Bu təşəbbüslər Türk dünyasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, təchizat marşrutlarının şaxələndirilməsində və bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafında artan rolunu nümayiş etdirir.

Bu baxımdan "Türk Dünyası 2040 Baxışı" mühüm strateji çərçivə təqdim edir. Bu sənəd bizi iqtisadi inteqrasiyanı dərinləşdirməyə, bağlantıları yaxşılaşdırmağa, institutları gücləndirməyə, bilik əsaslı sənaye sahələrinə investisiya yatırmağa, dayanıqlı və inklüziv inkişafı təşviq etməyə çağırır. Bu yanaşmanın əhəmiyyəti, bəlkə də, ən aydın şəkildə bağlantılar sahəsində görünür. Xəzərdən keçən Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi Asiya ilə Avropa arasında getdikcə daha mühüm əlaqə xəttinə çevrilir. Dəhliz üzrə yük həcminin 2030-cu ilədək 11 milyon tona çata biləcəyi proqnozlaşdırılır. İllik 15 milyon tona qədər yükdaşıma qabiliyyətinə malik olacağı gözlənilən Çin–Qırğızıstan–Özbəkista dəmiryolu da regional bağlantıları gücləndirəcək və Avrasiya boyunca ticarət imkanlarını genişləndirəcək. Lakin müasir nəqliyyat dəhlizi dəmir yollarından, avtomobil yollarından və limanlardan daha geniş anlayışdır. Yüklər sərhədləri səmərəli şəkildə keçməli, məlumat və sənədlər də onlarla birlikdə hərəkət etməlidir. TDT fiziki infrastrukturu gömrük və rəqəmsal həllərlə tamamlayır", - deyə Kubanıçbek Ömüralıyevin məqaləsində qeyd olunub.

B
Qeyd edilməyib