YapiKredi Müraciət Forması
Özəl Sosial

"Proqramın əsas məqsədi alqı-satqı biznesi yaratmaq deyil"

Proqramın əsas məqsədi alqı-satqı biznesi yaratmaq deyil

Kirayə üsulu ilə mənzil əldə edən şəxslərin həmin mənzilləri başqasına ötürməsi ilə bağlı müddət dəyişdirilib. Əvvəllər mənzili əldə etdikdən bir il sonra müqavilə üzrə öhdəliyi başqa şəxsə ötürmək mümkün idisə, yeni qaydaya əsasən, bunun üçün üç il gözləmək tələb olunacaq.

Əmlak eksperti Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında bildirib ki, kirayə üsulu ilə mənzil əldə edən şəxs əvvəllər bir ildən sonra müqavilə üzrə öhdəliyini başqa şəxsə ötürə bilirdisə, artıq bunun üçün üç il gözləməlidir:

"Belə ki, müqavilə üzrə öhdəliyini başqa şəxsə ötürən vətəndaş yalnız beş il sonra bu proqramdan təkrar istifadə edə biləcək. Bununla yanaşı, məhdudiyyət aktiv ipoteka krediti olan şəxslərə də aiddir. Yəni hazırda Fondun vəsaiti hesabına verilmiş ipoteka krediti üzrə öhdəliyi davam edən şəxslər kirayə mənzil mexanizmindən yararlana bilməyəcəklər. Eyni zamanda, dəyişiklik kredit tarixçəsi ilə bağlıdır. Bundan sonra yalnız kredit tarixçəsi müsbət və ya qənaətbəxş qiymətləndirilən şəxslər proqramda iştirak edə biləcəklər. Kirayə üsulu ilə mənzil təminatı sosial xarakterli layihədir. Bu proqramın əsas məqsədi alqı-satqı biznesi yaratmaq deyil, mənzilə ehtiyacı olan vətəndaşların ev sahibi olmasına kömək etməkdir. Bu yaxınlarda İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizmi üzrə yeni müraciətlərin qəbulunu müvəqqəti dayandırdığını açıqlayıb. Həmin açıqlamada göstərilirdi ki, sistemə hər gün 100-dən artıq yeni müraciət daxil olur. Artıq müraciət etmiş 12 mindən çox vətəndaşa isə görüş günü barədə bildiriş göndərilib. Yəni müraciətlərin qəbulu dayandırılsa da, əvvəlki müraciətlər üzrə proses davam edir".

Firdovsi Xəlilov qeyd edib ki, 2025-ci ilin yekunlarına əsasən, il ərzində bu mexanizm vasitəsilə cəmi 2 813 kirayə müqaviləsi rəsmiləşdirilib:

"İllik 2 813 mənzil və gündə 100-dən artıq müraciət! Bu rəqəmlər özlüyündə göstərir ki, ölkədə belə mənzillərə tələb təklifdən xeyli yüksəkdir. Belə bir şəraitdə məhdud mənzil fondunun bir hissəsinin təkrar alqı-satqı məqsədilə istifadə olunması mənzilə həqiqətən ehtiyacı olan digər ailələrin imkanlarını daha da azalda bilər. İstər ipoteka kreditləri, istərsə də satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi ilk növbədə əhalinin mənzilə əlçatanlığını artırmaq məqsədi daşıyır. Ona görə də bu imkanlardan daha çox ailənin faydalanması üçün müəyyən məhdudiyyətlərin tətbiq olunmasını başadüşülən və düzgün hesab edirəm. Bu proqramlar maklerlərin, brokerlərin və ya ayrı-ayrı şəxslərin alqı-satqı fəaliyyəti üçün nəzərdə tutulmayıb. Daşınmaz əmlak bazarında investisiya və kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər başqa imkanlar mövcuddur. Lakin burada müzakirə edilməli daha böyük bir məsələ var. Bu da proqramların əhatə dairəsinin və maliyyələşmə həcminin artırılmasıdır. Əgər biz bu layihələri sosial əhəmiyyətli hesab ediriksə, çalışmalıyıq ki, hər il 2 800 deyil, 10–15 min ailə bu mexanizmlərdən faydalana bilsin. Bunun üçün həm ipoteka kreditlərinə ayrılan vəsaitin, həm də kirayə üsulu ilə təqdim olunan mənzillərin sayının mərhələli şəkildə artırılması məqsədəuyğun olardı. Hesab edirəm ki, bu məhdudiyyətlər proqramın ilkin sosial məqsədinə daha yaxşı xidmət etməsinə kömək edə bilər. Ancaq əsas hədəf təkcə mövcud mənzillərin daha ədalətli bölüşdürülməsi deyil, həm də daha çox Azərbaycan ailəsinin mənzil sahibi olması üçün imkanların genişləndirilməsi olmalıdır".

FH
Fidan Hacızadə
Müxbir