Türkiyəli müğənni Hamiyet uzun müddət sonra sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. "Bir Ateşe Attın Beni" və "Yalan Mı?" mahnıları ilə tanınan sənətçi yeni açılan məkan sahiblərinin ondan endirim tələb etməsinə etiraz edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Onedio" nəşri məlumat yayıb.
Hamiyet bildirib ki, yeni məkan açan bəzi sahibkarlar onunla əlaqə saxlayaraq çıxış haqqını azaltmağı xahiş edirlər. Müğənninin sözlərinə görə, danışıqlar zamanı əvvəlcə məkanın təmirinə, interyerinə və müxtəlif əşyaların alınmasına nə qədər vəsait xərcləndiyi ətraflı izah olunur.
Sənətçi endirim etməyə qarşı olmadığını vurğulayıb. O, qiyməti 5-dən 3-ə, yaxud 3-dən 2-yə endirməyə razı ola biləcəyini, lakin təklif olunan məbləğlərin həddindən artıq aşağı salınmasının qəbuledilməz olduğunu bildirib. Hamiyet bu cür təklifləri "dilənçi pulu" adlandıraraq narazılığını ifadə edib.
Müğənni məkan sahiblərinə musiqinin və ifaçıların əhəmiyyətini də xatırladıb. Onun fikrincə, insanlar restoran və əyləncə məkanlarına yalnız masa və stullara görə deyil, oradakı musiqi və canlı ifalara görə də üz tuturlar.
Hamiyet sahibkarlara müraciət edərək məkanlarında yaxşı musiqiçilərə yer verməyi və onların əməyinə layiqincə qiymət verməyi tövsiyə edib.
Jalə


