YapiKredi Müraciət Forması
Kriminal Özəl

Uşağı görməyə getmişdi, arvadını döydü — 9 aylıq cəzalandırıldı

Uşağı görməyə getmişdi, arvadını döydü — 9 aylıq cəzalandırıldı

Quba rayonunda 36 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun kəndlərindən birində baş verib.

1990-cı il təvəllüdlü Mahir keçmiş həyat yoldaşı Sahibənin (adlar şərtidir – red.) yaşadığı evin həyətinə gəlib. Aralarında yaranan mübahisə zamanı Mahir Sahibəyə yumruq və təpiklə zərbələr endirərək onu yerə yıxıb və xəsarət yetirib.

Mahir barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə izahat verən Mahir ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində hadisə günü saat 17 radələrində uşaqlarını görmək məqsədilə keçmiş həyat yoldaşı Sahibənin yaşadığı evə getdiyini bildirib.

Onun sözlərinə görə, Sahibə uşaqları ilə görüşməsinə icazə vermədiyi üçün aralarında mübahisə yaranıb:

"Mübahisə zamanı Sahibəni itələyərək yerə yıxdım, yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirdim".

Quba Rayon Məhkəməsinin hökmü ilə Mahir 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, Mahirə cəza müddətində Quba rayonunun inzibati ərazi hüdudlarını tərk etmək, həmçinin yaşayış yerini hər gün saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etmək qadağan olunub.

Bundan əlavə, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumat vermək vəzifələri qoyulub.

Fariz Məlikli

Editor
Redaktor