YapiKredi Müraciət Forması
Özəl Turizm

Yeni ildə dincəlmək üçün nə qədər pul lazımdır? — Açıqlama

Yeni ildə dincəlmək üçün nə qədər pul lazımdır? — Açıqlama

2027-ci ilin gəlişini fərqli məkanda qarşılamaq istəyənlər artıq Yeni il tətili ilə bağlı planlar qurmağa başlayıblar.

Demokrat.az Bayram ərəfəsində Azərbaycanın bölgələrinə təşkil olunan turların və hotellərin xüsusi istirahət paketlərinin qiymətləri ilə maraqlanıb.

İstirahətin müddətindən, seçilən məkandan və xidmət səviyyəsindən asılı olaraq qiymətlər əhəmiyyətli dərəcədə dəyişir. Belə ki, büdcəsinə uyğun istirahət etmək istəyənlər üçün münasib qiymətli qrup turları ilə yanaşı, daha yüksək məbləğ tələb edən lüks hotel paketləri də mövcuddur.

Daha münasib qiymətə istirahət etmək istəyənlər üçün əsasən Quba, Qusar və Şahdağ istiqamətlərində müxtəlif tur paketləri təklif olunur.

Məsələn, açıqlanan təkliflərdən birinə əsasən, 31 dekabr 2026-cı il – 2 yanvar 2027-ci il tarixlərini əhatə edən, 3 günlük və 2 gecəlik Quba-Qusar-Şahdağ turunun qiyməti bir nəfər üçün 349 manat təşkil edir. Paketə hotel, nəqliyyat, gündə üç dəfə qidalanma, Yeni il proqramı və bəzi istirahət xidmətləri daxildir.

Digər təkliflərdə isə Quba-Qusar istiqamətində iki günlük, bir gecəlik Yeni il turunun qiyməti bir nəfər üçün 129 manatdan başlayır. Lüks hotellərdə isə qiymətlər 1800 manatı ötür. Daha komfortlu istirahətə üstünlük verənlər üçün bölgələrdə yerləşən hotellər də xüsusi bayram paketləri hazırlayıblar.

Təklif olunan qiymətlərə əsasən, iki nəfər üçün bir gecəlik istirahət paketləri təxminən 1500 manatdan başlayır. İki gecəlik paketlərin qiyməti isə bəzi hotellərdə 1700, digərlərində 1800 manatdan başlayır. Nisbətən daha münasib qiymət təklif edən hotellərdə üç gecəlik istirahət paketlərinə təxminən 1500 manata yer tapmaq mümkündür.

Hotellərin təqdim etdiyi paketlərə xidmət şərtlərindən asılı olaraq səhər yeməyi, qala şam yeməyi, SPA xidmətləri və müxtəlif əyləncə proqramları daxil edilir.

Ötən mövsümün qiymətləri də göstərir ki, Quba, Qəbələ, Şamaxı və Lənkəran kimi turizm istiqamətlərində Yeni il günlərində hotel xərcləri kifayət qədər yüksək ola bilər. Məsələn, əvvəlki mövsümdə Quba Palace Hotel-də iki nəfər üçün iki gecəlik istirahət paketinin qiyməti 2000 manatdan başlayırdı.

Mövcud təkliflərin müqayisəsi göstərir ki, bir nəfərin qrup turu ilə bir neçə günlük istirahəti üçün təxminən 130-350 manat, daha yüksək kateqoriyalı hotellərdə isə iki nəfərlik bayram tətili üçün 1490-1820 manat və daha çox vəsait tələb olunur.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, yeni il bayramı turizm sektorunda ənənəvi olaraq yüksək tələbatın müşahidə olunduğu dövrlərdən biridir:

Yeni ildə dincəlmək üçün nə qədər pul lazımdır? — Açıqlama

"Bu günlərdə xüsusilə Şahdağ, Qəbələ, Quba, Şamaxı və Qusar istiqamətlərində istirahətə maraq artır. Bayram ərəfəsində hotellərin doluluq səviyyəsinin yüksəlməsi qiymətlərə də təsir göstərir. Azərbaycanda daxili turizm çərçivəsində iki nəfərlik ailənin 2-3 günlük istirahəti üçün orta hesabla 600-1200 manat arasında büdcə nəzərdə tutması məqsədəuyğundur".

Ekspert bildirib ki, daha yüksək kateqoriyalı hotellərdə və dağ-xizək kurortlarında bu məbləğ 1500-2500 manata və daha yuxarı səviyyəyə çata bilər:

"Təbii ki, qiymətlər seçilən hotelin ulduz kateqoriyasından, yerləşmə şəraitindən, qidalanma paketindən və əlavə xidmətlərdən asılı olaraq dəyişir. Xarici ölkələrə səyahət etmək istəyənlər üçün isə Türkiyə, Gürcüstan, BƏƏ və Avropa istiqamətləri aktual seçimlər olaraq qalır. Bu istiqamətlər üzrə Yeni il turpaketlərinin qiyməti uçuş, hotel və səfər müddətindən asılı olaraq ciddi fərqlənir. Vətəndaşlara tövsiyəm odur ki, bayram səfərlərini son günlərə saxlamasınlar, erkən rezervasiya imkanlarından istifadə etsinlər və turpaketin şərtlərini diqqətlə araşdırsınlar. Hesab edirəm ki, düzgün planlaşdırma ilə həm büdcəyə uyğun, həm də keyfiyyətli Yeni il istirahəti təşkil etmək mümkündür".

Qeyd edək ki, göstərilən qiymətlər bütün xərcləri əhatə etməyə bilər. Şəxsi nəqliyyat, əlavə qidalanma, əyləncə, xizək və digər xidmətlər üçün ayrıca büdcə ayırmaq lazım gələ bilər. Həmçinin qiymətlər və boş yerlərin sayı rezervasiya zamanı dəyişə bilər.