Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteyn yığması ilə səfər qarşılaşmasına çıxacaq. Üç turdan sonra 5 xalla qrup lideri olan millimiz üçün bu oyun turnir cədvəlindəki mövqeyini qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.
Millimizin Lixtenşteynlə qarşılaşmada qrup liderliyini qoruması üçün hansı amillər həlledici olacaq? Komandanın əvvəlki oyunlardakı çıxışını nəzərə alsaq, qələbə qazanmaq üçün hansı taktiki dəyişikliklərə və oyun strategiyasına ehtiyac var?
Futbol eksperti, Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan millisinin qarşılaşmada əsas hədəfi oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ almaq və mümkün qədər erkən qol vurmaq olmalıdır.

Onun sözlərinə görə, bizi asan qarşılaşma gözləmir:
"Futbolda hər oyunun öz çətinliyi var. Bunu millimizin evdə Lixtenşteynlə qarşılaşmasında da gördük. Kağız üzərində daha zəif görünən rəqiblərə qarşı oynamaq bəzən daha çətin olur. Çünki belə komandalar, adətən, müdafiəyə daha çox diqqət ayırır, rəqibə boş zonalar verməməyə çalışırlar. Bu baxımdan, millimiz üçün əsas məqamlardan biri oyunun ilk dəqiqələrindən fəal olmaq və mümkün qədər tez qol vurmaqdır. Çünki belə rəqiblərə qarşı hesabı açmaq nə qədər gecikərsə, onların özünəinamı da bir o qədər artar. Rəqib komandada inam yarandıqca müdafiədə daha rahat və inamlı oynamağa başlayır. Digər tərəfdən, bizim futbolçularda tələskənlik yarana, bu da oyunun keyfiyyətinə mənfi təsir göstərə bilər. Əgər millimiz erkən qol vurmağı bacararsa, qarşılaşmanın gedişi dəyişəcək. Rəqib hesabda geriyə düşdükdən sonra müdafiədən çıxmağa, daha çox hücum etməyə məcbur olacaq.
Bu isə komandamız üçün əlavə imkanlar yaradacaq. Gözlənilir ki, rəqib Bakıdakı qarşılaşmada olduğu kimi, bu dəfə də qapalı müdafiə futboluna üstünlük versin. Belə oyunlarda boşluqlar tapmaq, hücumları düzgün qurmaq və yaradılan imkanlardan maksimum yararlanmaq vacibdir. Millimizin səbirli oynaması, hücumlarda tələsməməsi və taktiki intizamı qoruması böyük əhəmiyyət daşıyır. Bununla belə, hesab edirəm ki, komandamız həm futbolçuların fərdi keyfiyyəti, həm də ümumi oyun potensialı baxımından rəqibdən üstündür. Bu üstünlüyü meydanda düzgün nümayiş etdirə bilsək, qələbə qazanmaq üçün kifayət qədər imkanlarımız var.
Təbii ki, komandanın hansı taktika ilə meydana çıxacağını, hansı futbolçuların start heyətində yer alacağını və oyunun hansı plan üzrə qurulacağını məşqçilər korpusu daha yaxşı bilir. Çünki futbolçuların hazırkı fiziki və oyun vəziyyətini ən yaxından onlar izləyirlər. Ona görə də taktiki seçimlərlə bağlı məşqçilər korpusunun qərarını gözləmək lazımdır. Millimizə uğurlar arzulayıram. İnanıram ki, komandamız yaxşı oyun nümayiş etdirərək azarkeşləri sevindirəcək və qrup liderliyini qoruyub saxlaya biləcək".


