Rusiya ordusu bütün imkanlarını səfərbər edərək hücuma keçir və müharibənin dondurulmasından əvvəl mümkün qədər çox ərazi tutmağa çalışır.
Demokrat.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Qüvvələrinin baş leytenantı, "Aleks" ləqəbli hərbçi bildirib.
O, qeyd edib ki, noyabrın ilk həftəsi başa çatsa da, cəbhənin müxtəlif istiqamətlərində, xüsusilə Donetsk vilayətində Rusiya qüvvələrinin itkiləri və canlı qüvvənin hərəkəti ilə bağlı qeydə alınan göstəricilər dəfələrlə artıb.
Hərbçinin sözlərinə görə, mövcud temp davam edərsə, noyabr ayında Rusiya ordusunun itkiləri müharibə başlayandan bəri rekord həddə çata bilər.
"Aleks" bildirib ki, hava şəraitinin pisləşməsi və mövsümi amillər səbəbindən Rusiya ordusunun hücum fəallığının azalacağı gözlənilirdi. Lakin Rusiya qüvvələri kvadrosikllər, motosikletlər və piyada bölmələrindən istifadə etməklə açıq ərazilərdə hücumlarını davam etdirir.
O, hər gün təsdiqlənən Rusiya hərbçisi itkilərinin sayından heyrətləndiyini də vurğulayıb:
"Bu rəqəmlər inanılmazdır. Kimsə mənə bu rəqəmləri sübutsuz desəydi, inanmazdım. Lakin hər bir öldürülmüş hərbçi ilə bağlı video mövcuddur". (axar.az)


