Çində aparılan elmi araşdırmalar nəticəsində indiyədək elmə məlum olmayan yeni qurbağa növü aşkarlanıb.
Demokrat.az xəbər verir ki, yeni amfibiya növü ölkənin Haynan əyalətində yerləşən Haynan Tropik Meşələr Milli Parkında aşkar edilib. "Haynan şırımlıbarmaqlı qurbağası" adlandırılan növün elmi adı Rana hainan kimi qeydə alınıb.
"Sinxua" agentliyinin məlumatına görə, kəşf Haynan Pedaqoji Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən edilib. Araşdırmanın nəticələri beynəlxalq elmi jurnal olan "ZooKeys"də dərc olunub.
Alimlər 2024–2026-cı illərdə milli parkın ərazisində amfibiyaların öyrənilməsi məqsədilə çöl tədqiqatları aparıblar. Müayinə zamanı aşkar edilən qurbağaların bir sıra fərqli xüsusiyyətləri onların ayrıca və əvvəllər elmə məlum olmayan növə aid olduğunu üzə çıxarıb. Bu qənaət molekulyar-filogenetik təhlillər və morfoloji göstəricilərin araşdırılması ilə təsdiqlənib.
Yeni növə hazırda yalnız milli parkın bir neçə mühafizə olunan ərazisində rast gəlinir. Qurbağalar əsasən dəniz səviyyəsindən 350-950 metr yüksəklikdə yerləşən tropik meşələrdə, xüsusilə həmişəyaşıl enliyarpaqlı meşəliklərdə məskunlaşır.
Haynan Pedaqoji Universitetinin Biologiya Elmləri fakültəsinin dekanı Van Tszitsyao bu kəşfin milli parkın və ətraf ərazilərin biomüxtəlifliyinin öyrənilməsi baxımından əhəmiyyət daşıdığını bildirib.
Park administrasiyasının məlumatına əsasən, son beş il ərzində ərazidə 90-dan çox yeni heyvan və bitki növü aşkarlanıb. Eyni zamanda, Haynan əyalətində ilkin meşələrin 95 faizindən çoxu, təbii meşə massivlərinin isə 55 faizdən artıq hissəsi mühafizə altına alınıb.


