Qış aylarında avtomobildən istifadə edən sürücülər üçün mühərrikin soyuq havada düzgün işə salınması və qızdırılması mühüm məsələlərdən biridir. Xüsusilə şaxtalı günlərdə mühərriki işə saldıqdan dərhal sonra hərəkətə başlamağın nə dərəcədə düzgün olduğu tez-tez müzakirə olunur.
Demokrat.az xəbər verir ki, rusiyalı avtomobil mütəxəssisi Dmitri Slavnov bu məsələ ilə bağlı sürücülərə tövsiyələr verib.
Ekspertin sözlərinə görə, mühərrikin əvvəlcədən qızdırılması zərurəti əsasən karbüratorlu avtomobillərin geniş yayıldığı dövrdən formalaşıb. Həmin avtomobillərdə aşağı temperatur yanacaq qarışığının hazırlanmasını çətinləşdirdiyindən mühərrikin müəyyən müddət boş işləməsi tələb olunurdu.
Müasir avtomobillərdə isə vəziyyət fərqlidir. İnjektorlu mühərriklərdə yanacağın verilməsi elektron idarəetmə sistemi vasitəsilə tənzimlənir. Buna baxmayaraq, mütəxəssis soyuq mühərriki işə saldıqdan dərhal sonra sürəti artırmağı və qaz pedalına kəskin basmağı tövsiyə etmir.
Slavnovun bildirdiyinə görə, mühərrikin qızdırılması üçün optimal müddət havanın temperaturundan asılı olaraq 3-5 dəqiqə təşkil edir. Bu müddət ərzində mühərrik qismən isinır, mühərrik yağı isə sistemin əsas hissələrinə yayılaraq lazımi yağlanmanı təmin edir.
Beləliklə, soyuq havalarda avtomobili işə saldıqdan sonra qısa müddət gözləmək, daha sonra isə ilk kilometrlərdə mühərriki yüksək dövrlərdə işlətmədən hərəkət etmək tövsiyə olunur.


