Rusiya noyabrın 7-nə keçən gecə Ukraynaya qarşı həyata keçirdiyi genişmiqyaslı hücum zamanı Kiyev və ətrafına 36 ballistik raket atıb. Zərbələrin əsas hədəfi enerji infrastrukturu olub.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Onun sözlərinə görə, paytaxtda elektrik enerjisi, su və istilik təchizatı ilə bağlı vəziyyət mürəkkəbləşib. Hücum nəticəsində yaşayış binalarına, Şimal körpüsünə və uşaq bağçasına ciddi ziyan dəyib.
Zelenski bildirib ki, Kiyev vilayətində Rovno və Xmelnitski atom elektrik stansiyalarını paytaxt və ölkənin mərkəzi regionları ilə birləşdirən yarımstansiyalar da hücuma məruz qalıb. Bundan başqa, Vinnitsa, Jitomir, Rovno, Xarkov və Dnepropetrovsk vilayətlərindəki enerji obyektlərinə zərər dəyib.
Ukrayna Prezidentinin açıqlamasına görə, Kiyevlə yanaşı, daha 12 vilayət atəşə tutulub. Hücumlar nəticəsində biri uşaq olmaqla, ümumilikdə 9 nəfər xəsarət alıb.
Zelenski Rusiyanın üçtərəfli danışıqlara hazırlaşdığı bir vaxtda Ukraynanın kritik infrastrukturunu hədəf aldığını vurğulayıb. O, xüsusilə ABŞ-ni Ukraynaya dəstəyi artırmağa çağırıb və ölkənin mümkün enerji böhranı qarşısında tək buraxılmamalı olduğunu bildirib.
Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, həmin gecə Rusiya müxtəlif tipli raketlərlə yanaşı, 172 zərbə dronu da buraxıb. Onlardan 149-u, həmçinin 4 raket zərərsizləşdirilib. Düşmən hücumlarının nəticələri 24 nöqtədə qeydə alınıb, 10 ərazidə isə raket və dron qalıqları düşüb.


