"44 günlük Vətən müharibəsində bəzi döyüşlər Azərbaycanın qələbəsinin təmin olunmasında xüsusi rol oynadı. Onların hər biri müharibənin gedişatına və sonrakı hərbi əməliyyatların istiqamətinə ciddi təsir göstərdi. İlk vacib məqamlardan biri Cəbrayıl və Füzuli istiqamətində Ohanyan səddinin yarılması idi. Ermənistanın 26 il ərzində qurduğu və keçilməz hesab etdiyi mühəndis-istehkam maneələri müharibənin ilk saatlarından etibarən darmadağın edilməyə başladı. Beləliklə, Ohanyan səddi getdikcə daha geniş cəbhə xətti boyunca yarıldı."
Bu fikri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Murovdağ və Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində Azərbaycan Ordusu Murov yüksəkliyinə nəzarəti təmin etdi və Suqovuşan qəsəbəsini işğaldan azad etdi:
"Bu, düşmənin şimal istiqamətindəki logistika yollarının bağlanması ilə nəticələndi. Suqovuşanın azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələrinin hücum coğrafiyası xeyli genişləndi. Həm Şuşa, həm Xocalı, həm də Zəngilan istiqamətində hücumlar üçün əlverişli şərait yarandı. Cəbrayıl və Hadrutun azad edilməsi isə düşmənin cənub istiqamətindəki logistik imkanlarını məhdudlaşdırdı. Xudafərinin azad olunması ilə Ermənistanın İranla qeyri-qanuni şəkildə yaratdığı və istifadə etdiyi yol bağlandı. Bununla da İranın Qarabağda mövcud olan erməni silahlılarına yardım imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdı. Yenidən Qubadlının azad edilməsi Azərbaycan-İran sərhədinin tam bərpasına və qoşunlarımızın Laçın istiqamətində hücumları üçün əlverişli şəraitin yaranmasına imkan verdi. Təbii ki, Azərbaycan Ordusunun müharibədə əldə etdiyi həlledici qələbələrdən biri Şuşa şəhərinin işğaldan azad edilməsi idi. Xüsusi təyinatlı qüvvələrimiz artilleriya, PUA və ağır zirehli texnikadan istifadə etmədən, qayalar üzərində yerləşən qala şəhərini düşmən işğalından azad etməyə nail oldular. Onlar keçilməz hesab edilən ərazilərdən keçərək qayalara dırmaşdılar. Müharibənin yorğunluğuna, qoşunlarımızın artıq 40 gündən çox davam edən ağır döyüşlərdə iştirak etməsinə baxmayaraq, Azərbaycan xüsusi təyinatlıları dünya hərb tarixinə öz imzalarını ataraq strateji əhəmiyyətə malik Şuşanı azad etdilər. Məhz Şuşanın Azərbaycanın nəzarətinə keçməsi Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu sənədin imzalanması nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarıldı. Azərbaycan Vətən müharibəsində bir çox müasir texnologiyalardan, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) uğurla istifadə etdi. Müasir texnologiyaların müharibədə tətbiqi mühüm əhəmiyyət daşısa da, onlar heç də yeganə həlledici amil deyil. Bu müharibədə əsas amillər Ali Baş Komandan tərəfindən döyüş əməliyyatlarının qətiyyətlə və ustalıqla idarə olunması, xalq-ordu-dövlət birliyi və Azərbaycan Silahlı Qüvvələrinin Vətən sevgisi idi.
Ümumilikdə, 44 günlük müharibədə Ordumuzun yüksək döyüş qabiliyyəti qələbənin əsas şərtlərindən biri oldu. Strategiya baxımından Azərbaycan Ordusu əvvəlki müharibələrdə geniş tətbiq olunmayan bir sıra silahlı mübarizə metodlarından da uğurla istifadə etdi. İlk belə metodlardan biri artıq müasir müharibələrdə geniş istifadə edilməyən An-2 təyyarələrinin avtopilot sistemləri ilə təchiz edilərək düşmən istiqamətində uçurulması idi.
Bu təyyarələrin uçuşu Ermənistanın hava hücumundan müdafiə sistemlərini aktiv rejimə keçməyə məcbur edirdi. Nəticədə həmin sistemlərin radiolokasiya şüalanması müəyyənləşdirilir və Azərbaycanın radiolokasiya əleyhinə raketləri vasitəsilə sıradan çıxarılması mümkün olurdu. Bu, müharibədə tətbiq edilən fərqli hərbi üsullardan biri idi. Digər mühüm məqam isə bir çox döyüşlərdə ordunun böyük qüvvələrlə kütləvi şəkildə hücuma keçirilməsindən çəkinilməsi idi. Xüsusilə dağlıq ərazilərdə kiçik qruplar vasitəsilə hərəkət etməklə mühüm hərbi nailiyyətlər əldə edildi. Bundan başqa, pilotlu və pilotsuz aviasiyanın qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi, pilotsuz vasitələrin idarə olunan raketləri hədəflərə yönəltməsi kimi üsullar Azərbaycanın döyüş imkanlarının genişliyini nümayiş etdirdi. Vətən müharibəsində qazanılan döyüş təcrübəsi əsasında müharibə başa çatdıqdan qısa müddət sonra yeni komando hərbi hissələrinin yaradılmasına başlanıldı. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən infrastruktur quruldu. Nəticə etibarilə, Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı və uzun illər işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi".


