Avropanın futbol gündəmində Acun Ilıcalı ilə bağlı yeni iddia ortaya çıxıb. İngiltərənin "Hull City" və Sloveniyanın "Maribor" klublarının sahibi olan tanınmış iş adamının Avstriyanın "Austria Wien" klubunu da satın ala biləcəyi bildirilir.
Demokrat.az xəbər verir ki, idman müxbiri Salim Manavın yaydığı məlumata görə, Avstriya Bundesliqasında mübarizə aparan "Austria Wien" klubu Acun Ilıcalıya təklif olunub. Bildirilir ki, Ilıcalı klubun satın alınması variantını nəzərdən keçirə bilər.
Lakin mümkün razılaşmanın maliyyə şərtləri, tərəflər arasında rəsmi danışıqların başlayıb-başlamaması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, Acun Ilıcalı 2022-ci ilin yanvarında İngiltərənin "Hull City" klubunu satın alaraq futbol sahəsinə investisiyalarını genişləndirməyə başlayıb. 2024-cü ildə isə Sloveniyanın "Maribor" klubunu da öz nəzarətinə götürüb.
Bundan başqa, türkiyəli iş adamı daha əvvəl İrlandiyanın "Shelbourne" klubuna da investisiya yatırıb, lakin 2023-cü ildə klubla əməkdaşlığını başa çatdırıb.
Beləliklə, "Austria Wien" iddiası gerçəkləşərsə, Acun Ilıcalının Avropadakı futbol yatırımlarına daha bir klub əlavə oluna bilər. Bununla bağlı yekun qərarın nə vaxt veriləcəyi isə hələ məlum deyil.


