Adi ət kotletlərinə fərqli dad qatmaq üçün onların içərisinə pendir əlavə etmək kifayətdir. Xüsusilə mozzarella ilə hazırlanan bu kotletlər qızardılarkən pendir əriyir və ətin içərisində yumşaq, uzanan içlik əmələ gətirir. Resept həm sadə ərzaqlarla hazırlanır, həm də çox vaxt tələb etmir.
Demokrat.az xəbər verir ki, Ukraynanın UNIAN nəşri pendir içlikli şirəli kotletlərin hazırlanma qaydasını təqdim edib.
Lazım olan ərzaqlar:
- 500 qram donuz və ya donuz-mal əti qiyməsi;
- 10 ədəd kiçik mozzarella kürəsi;
- 1 ədəd qırmızı soğan;
- 1 yumurta;
- 1 kiçik bulka;
- Bulkanı islatmaq üçün süd və ya su;
- Zövqə görə duz və qara istiot;
- Suxarı;
- Qızartmaq üçün bitki yağı.
Hazırlanma qaydası
İlk olaraq bulkani süd və ya suda isladın, daha sonra artıq mayeni sıxaraq çıxarın. Soğanı xırda doğrayın. Qiyməyə bulkanı, soğanı və yumurtanı əlavə edib duz və istiot vurun. Bütün ərzaqları yaxşıca qarışdıraraq vahid kütlə əldə edin.
Mozzarella kürələrinin suyunu süzün və kağız dəsmalla qurulayın. Əlinizi bir qədər isladaraq qiymədən götürün və yastı formada yayın. Ortasına bir ədəd mozzarella yerləşdirin, pendir tamamilə qiymə ilə örtüləcək şəkildə kotlet forması verin.
Bu mərhələdə diqqətli olmaq vacibdir: pendir qiymənin içərisində tam bağlanmalıdır. Əks halda qızartma zamanı əriyən pendir çölə axa bilər.
Hazırlanmış kotletləri suxarıya batırın. Tavada yağı qızdırdıqdan sonra onları orta odda hər tərəfi təxminən 5-7 dəqiqə olmaqla qızardın. Kotletlərin üzəri qızılı rəng aldıqda və içərisi tam bişdikdə hazır hesab olunur.
Artıq yağı çəkməsi üçün kotletləri kağız dəsmalın üzərinə qoyun. Süfrəyə isti halda təqdim edin. Pendir əriyərək yumşaq və iştahaçan içlik yaratdığından yeməyin ən dadlı tərəfi də məhz bu hissəsidir.


