YapiKredi Müraciət Forması
Dünya Özəl

Türkiyədə 8 nəfəri öldürən şəxs saxlanıldı – Qətliamın təfərrüatları

Türkiyədə 8 nəfəri öldürən şəxs saxlanıldı – Qətliamın təfərrüatları

Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfəri ov tüfəngi ilə öldürən, bir nəfəri isə ağır yaralayan 28 yaşlı Arif Sefa Ö. saxlanılıb. Hadisədən sonra qaçan şübhəli Eskişehir-Afyonkarahisar avtomobil yolunda jandarm və polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulub.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qətliamın ilkin səbəbinin borc-alacaq mübahisəsi olduğu ehtimal edilir. Şübhəlinin əvvəlcə biçerdöverçilərlə pul məsələsinə görə münaqişə yaşadığı, hətta həmin şəxslər tərəfindən döyüldüyü bildirilir. İddialara görə, o, sonradan qarşı tərəflə telefonla əlaqə saxlayaraq borcunu qaytaracağını və razılığa gəlmək istədiyini deyib. Görüş zamanı isə onlara pusqu quraraq atəş açıb.

Bundan sonra silahlı hücumlarını davam etdirən Arif Sefa Ö.-nün qaçmaq üçün avtomobilləri ələ keçirməyə çalışdığı bildirilir. Onun avtomobillərini vermək istəməyən şəxslərə, eləcə də yolda qarşılaşdığı iki qadın müəllimə atəş açdığı iddia olunur.

Şübhəlinin qaçış zamanı ələ keçirdiyi avtomobil Eskişehir istiqamətində, Taşlık məhəlləsi yaxınlığında palçığa batıb. Maşını tərk edən şəxs daha sonra Kuyucak məhəlləsinə gedərək başqa bir avtomobili də ələ keçirib. Həmin vaxt onu görən çobana isə şübhə doğurmamaq üçün "Fənəri tutma, mən bu kənddənəm" deyib.

Polis və jandarmın keçirdiyi əməliyyat nəticəsində o, ikinci avtomobillə uzaqlaşmağa macal tapmadan saxlanılıb. Hadisə yerində və qaçış marşrutu boyunca aparılan araşdırmalar zamanı avtomobildə pompalı tüfəng də aşkarlanıb.

Məlumata görə, Arif Sefa Ö. İhsaniyə rayonunun Bozüyük kəndində yaşayır, fermerliklə məşğul olurmuş. Təxminən iki il əvvəl həyat yoldaşından boşanan 28 yaşlı şəxsin bir övladı var.

Qeyd edək ki, hadisə zamanı Ahmet Uzel (57), Bekir Toprak (50), Noman Toprak (56), Seydi Ahmet Aydoğmuş (73), Satı Aydoğmuş (68), İsmail Şen (61), Hilal Mete (31) və Ayşe Sena Demir (46) həyatını itirib. İlk hücum zamanı yaralanan S.P.-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma Afyonkarahisar Baş Prokurorluğunun rəhbərliyi altında üç prokuror tərəfindən aparılır. Ölənlərin meyitləri məhkəmə-tibbi ekspertizası üçün morqa yerləşdirilib.