Payız aylarında mövsümün ən çox istifadə olunan tərəvəzlərindən biri balqabaqdır. Ondan müxtəlif şorba və yeməklərlə yanaşı, dadlı şirniyyatlar da hazırlamaq mümkündür. Xüsusilə səhər yeməyi üçün balqabaq blinçikləri həm asan hazırlanması, həm də yumşaq və zərif dadı ilə seçilir.
Demokrat.az xəbər verir ki, Ukraynanın UNIAN nəşri kefirlə hazırlanan balqabaq blinçiklərinin reseptini təqdim edib.
Bu yemək üçün daha çox muskat balqabağı, xüsusilə "Butternut" çeşidi tövsiyə olunur. Belə balqabaqlar şirin dadı və zəngin ətri ilə seçilir.
Lazım olan ərzaqlar:
- 300 qram balqabaq;
- 150 qram kefir;
- 1 yumurta;
- 1 xörək qaşığı şəkər tozu;
- 5 xörək qaşığı un;
- 1 çay qaşığı soda;
- Bir çimdik duz;
- Bir çimdik vanilin;
- Qızartmaq üçün 2 xörək qaşığı bitki yağı.
Hazırlanma qaydası:
Əvvəlcə balqabağın qabığı və tumları təmizlənir, daha sonra orta ölçülü sürtgəcdən keçirilir. Ayrı qabda otaq temperaturunda olan kefir yumurta və şəkər tozu ilə qarışdırılır. Ardınca un, duz və vanilin əlavə edilərək hamar xəmir əldə olunur.
Hazırlanan qarışıma sürtgəcdən keçirilmiş balqabaq əlavə edilir. Sonda soda tökülərək xəmir yaxşıca qarışdırılır.
Tavada bitki yağı qızdırıldıqdan sonra qarışıqdan kiçik porsiyalar şəklində əlavə edilir. Blinçiklər orta odda hər iki tərəfi təxminən 3-4 dəqiqə olmaqla qızılı rəng alana qədər bişirilir.
Hazır blinçikləri bal, qatılaşdırılmış süd və ya xama ilə süfrəyə vermək olar.
Reseptin duzlu variantını da hazırlamaq mümkündür. Bunun üçün şəkərdən istifadə edilmir, əvəzində xəmirə göyərti əlavə olunur. Belə blinçikləri qızardılmış soğan, göbələk, qızılbalıq və ya qızardılmış donuz piyi ilə təqdim etmək tövsiyə edilir.


