YapiKredi Müraciət Forması
Özəl Avto

"Çin avtomobillərinə nifrət edirəm" — Məşhur usta

Çin avtomobillərinə nifrət edirəm — Məşhur usta

"Bir məsələyə toxunmaq istəyirəm. Ola bilər ki, bu, qalmaqallı fikir olsun, amma mən Çin avtomobillərinə nifrət edirəm. Bildiyiniz kimi, gələcək illərdə benzin və dizellə işləyən avtomobilləri məhdudlaşdırmaq istəyirlər. Bu o deməkdir ki, əlimizdən real avtomobili, real həyatı alıb onu monoton həyatla, monoton avtomobillə əvəz etmək istəyirlər".

Demokrat.az xəbər verir ki, bu sözləri mühərrik ustası, BMW və Land Rover markalı avtomobillərin mühərriklərinin təmiri üzrə mütəxəssis Azər Zülfiqar benzin və dizel avtomobillərin istismardan çıxarılması barədə danışarkən bildirib.

Çin avtomobillərinə nifrət edirəm — Məşhur usta

"Çinə qarşı heç bir qəsdim, qərəzim yoxdur. Çin avtomobillərini gətirməyə, gətirən insanlara qarşı da heç bir düşmənçiliyim yoxdur. Yaxşı haldır ki, pul qazanırlar. Çin avtomobillərini sürənlərə də heç bir qərəzim yoxdur. Birinci, ikinci maşınlarını alırlar, rahat sürmək istəyirlər. Amma Çin avtomobilləri bizim real avtomobillərimizi əlimizdən alır. Bildiyiniz kimi, gələcək illərdə benzin və dizellə işləyən avtomobilləri məhdudlaşdırmaq istəyirlər. Bu o deməkdir ki, əlimizdən real avtomobili, real həyatı alıb onu monoton həyatla, monoton avtomobillə əvəz etmək istəyirlər. Məsələn, bilirsiniz ki, suyun da canlısı, ölüsü var. Elə su var ki, canlıdır, onu içmək faydalıdır. Elə su da var ki, tərkibində mineral yoxdur, ona ölü su deyirlər. Torpağın da canlısı və cansızı var. Elə torpaq var ki, əkirsən, heç nə bitmir, eləsi də var ki, bir toxum atırsan, dərhal cücərir. Buna canlı və cansız torpaq deyirlər. Eyni şey avtomobillərə də aiddir. Avtomobilin də canlısı və cansızı var. Əvvəlki avtomobillərimiz canlı avtomobillər idi. Onlar insana baxırdı. Biz onlara baxmırdıq, onlar bizə baxırdı. Baxışları var idi. Məsələn, 60 gövdəli maşına baxın. Hərəsinin üzündə ayrı bir naxış var. Elə bil ki, hərəsi bir cürdür, insan kimi bir-birindən seçilir. İstər "Mercedes" olsun, istər "Pajero", "Nissan Patrol", "Jeep Wrangler" – fikir verirsiniz ki, onlar canlıdır, elə bil insana fərqli baxışlarla baxırlar.

Mən bir eksperiment keçirmək istəyərdim. Məsələn, 30 Çin avtomobilini eyni rəngdə bir yerə yığardım, nömrələrini çıxarardım və sahiblərinə deyərdim ki, öz maşınınızı tapın. İnanın ki, onlar öz avtomobillərini tapa bilməzlər. Amma "Mercedes", "BMW", "Pajero" modellərindən hərəsini öz rəngində bir yerə yığardım və nömrələrini çıxarardım. Əminliklə deyə bilərəm ki, həmin avtomobilləri sürən insanlar 300 metr məsafədən öz maşınlarını tanıya bilərlər. Çünki onlar fərqli avtomobillərdir.

Çin avtomobilləri insanları monoton həyata sürükləyir, əlimizdəki real avtomobilləri bizdən alır. Mən 2001-ci ildən usta işləyirəm və hər gün avtomobillərlə məşğul oluram. Bunu əminliklə deyə bilərəm. Əvvəl maşının qabağına baxanda onun faraları göz kimi idi, sanki sənə baxırdı".

Mütəxəssis qeyd edib ki, avtomobil öz sahibinin aurasını da götürür:

"Məsələn, niyə vəfat etmiş insanın paltarını geyinmək istəmirlər? Dükandakı parça ilə nə fərqi var? Amma deyirlər ki, olmaz. Avtomobili sürdükdən sonra o da sənə öyrəşir və sənin auranı götürür. Müştərilərimdən danışım. Elə maşın var ki, baxırsan, sahibi çox yaxşı insandır, qızıl kimi adamdır. Onun avtomobili də elədir. Maşına baxırsan, elə bil sahibinə oxşayıb. Bunu ustalar da təsdiqləyə bilər. Amma elə adam da var ki, görürsən, daim kimisə şərləmək üçün fürsət axtarır. Onun maşını ilə işləyəndə də sanki avtomobil səni şərləyir. Əlini boruya vurursan, boru qırılır, xamutu sıxırsan, xamut yerindən çıxır. Maşın elə bil sahibinin aurasını, xasiyyətini götürüb.

Çin avtomobili bir alətdir və həmin alət vasitəsilə bizim əlimizdən reallığı almaq istəyirlər. Məsələn, Amerikada normal imkanlı insanların qarajında "Dodge Challenger", "F650" kimi avtomobillər olur. Amma özləri "Elantra", "Tesla" və ya başqa müasir avtomobillər sürürlər. Çünki yaxşı başa düşürlər ki, sürdükləri maşın sadəcə nəqliyyat vasitəsidir, əsl avtomobilləri isə qarajda dayanır. Bizim gözümüzdən reallığı silmək şərti ilə əlimizdən real avtomobilləri alırlar. Təsəvvür edin, övladınız böyüyəcək və 30 ildən sonra deyəcək ki, atamın maşınını tapıb ona hədiyyə etmək istəyirəm. Hansı maşını tapacaq? Hansı "Changan"ı 30 ildən sonra tapa bilər? Hansı avtomobili tapıb bərpa etdirə biləcək? Yox, bunu etmək çətin olacaq. Çünki həmin maşınlar olmayacaq. Siz onu bir müddət sürəcəksiniz, sonra utilizasiyaya verəcəksiniz. Çünki həmin avtomobillər 10 ildən sonra işləməyəcək, istehsalçıların zavodları bağlanacaq, telefon kimi hər həftə yeni modellər çıxacaq. Amma videolarda görürsünüz, hansısa oğul böyüyür, atasına köhnə VAZ-2107-ni tapır, təmir etdirib hədiyyə edir. Yaxud "Niva"sını, "Mercedes 190" modelini tapıb bərpa etdirir və ona verir. Fərq bundadır. Bizi monoton həyata sürükləyirlər. Necə ki, qızıl və gümüşdən kağız pula, sonra isə karta keçdik, eyni şəkildə avtomobillərlə bağlı da bizə "artıq dəbdə deyil" fikrini təlqin edirlər.

Azər Zülfiqar əlavə edib ki, halbuki benzin və dizel avtomobillərinin yaşamaq haqqı var:

"Onların həyatda qalmaq haqqı var. Çünki onlar canlıdır. Yenə deyirəm, elə şeylər var ki, onları sübut etmək olmur, amma bunlar mövcuddur. Məsələ ondadır ki, "dəbdə deyil" sözü ilə bizim əlimizdən reallığı alırlar. Əvvəllər kişilər necə geyinirdilər? Pencək geyinirdilər, altından jilet, şalvar, ayaqqabı geyinir, papaq taxırdılar. İndi mən bu geyimdə işə getsəm, məni TikTok-da çəkib ələ salacaqlar. Əvvəllər qadınlar pul verib paltar alırdılar ki, geyinsinlər. İndi isə pul verib paltar alırlar ki, soyunsunlar. Paltarlar qısalır, balacalaşır, nazikləşir. "Dəbdə deyil" sözünün təsiri altına düşməyin. Köhnə avtomobillərinizi qoruyun, onları alın, bərpa etdirin, yenidən yığın. Onlar canlıdır. Vaxt gələcək, övladlarınız sizin həmin avtomobillərə olan sevginizə görə o maşınları yenidən tapıb sizə hədiyyə etmək istəyəcəklər".