"Təkcə Yılmaz Özdil deyil, ümumiyyətlə qardaş Türkiyədə minlərlə, bəzən də hətta 10 minlərlə, bəlkə də 100 minlərlə insan var ki, onlar Azərbaycan-Türkiyə münasibətlərini yüksək qiymətləndirir, bu münasibətlərin pozulmaması üçün əllərindən gələni edirlər. Xüsusilə də Azərbaycanla Türkiyə arasına nifaq salmağa çalışanların cavabını verirlər. Əlbəttə ki, onların sayı həqiqətən də olduqca çoxdur. Bununla bərabər Azərbaycanla Türkiyənin arasını vurmağa çalışanlar da az deyil. Türkiyə çoxqütblü ölkədir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, orda sadəcə olaraq hamı türk deyil, etnik cəhətdən çox rəngarəngdir:
"Müsəlmanam deyib özünü müsəlman kimi göstərib əslində islama dəxli olmayan istənilən qədər insan var. Və həmin o kəsimlərə aid insanlar bir qayda olaraq türk düşmənidirlər. Onlar üçün Azərbaycan da, Türkiyənin özü də, digər türk dövlətləri də düşməndir. Türkiyədə oturub Azərbaycana hücum edənlər elə Türkiyənin də düşmənləridir. Çünki Türkiyə ilə Azərbaycan bir-birinə o qədər yaxın, o qədər iç-içə dövlətlərdir ki, birinə hücum edilirsə, bu o deməkdir ki, elə digərinə də hücum edilir. O baxımdan anti-Azərbaycan kampaniyası aparanlar sadəcə bunu Azərbaycana qarşı etmir, eyni zamanda Türkiyənin özünə qarşı da etmiş olur. İndi Yılmaz Özdil kimi çıxıb izah etməyə çalışırlar ki, Azərbaycanla münasibətlərə bu cür xələl gətirmək olmaz. Yəni biz Türkiyədən həm də ilk dəfə deyil ki, belə şey görürük. Türkiyədə zaman-zaman anti-Azərbaycan kampaniyalar olub, o kampaniyaların arxasında da bir qayda olaraq anti-Azərbaycan qüvvələr dayanıb. Xüsusilə də həmin kampaniyaları körükləyən, o kampaniyaların önündə gedənləri həvəsləndirən, bir tərəfdə İrandır, bir tərəfdə Rusiyadır, bir tərəfdə erməni diasporu və ermənilərdir, üçüncü, dördüncü bir tərəfdə də təbiidir ki, Avropada anti-Azərbaycan ovqatında olan mərkəzlərdir. Yəni bunlar hər tərəfdə hər zaman var. Elə türklərin sözü ilə desək, su uyur, düşmən uymaz. Yəni su yatar, düşmən yatmaz deyə bir deyim var. Onlar həmişə düşmən olaraq Azərbaycana, Türkiyəyə, digər türk dövlətlərinə çamur atarlar, iki dövlət yaxud da çoxlu türk dövlətləri arasında uçurum yaratmağa çalışarlar. Biz də Azərbaycanda oturub çalışırıq ki, bu cür ünsürlərin cavabını uyğun şəkildə verək, eyni zamanda da qardaş Türkiyənin dövlətinə toz qondurmayaq. Biz azərbaycanlılar türk olaraq heç bir şərt altında qardaş Türkiyədən vaz keçmədik, keçməyəcəyik də. Nə olursa olsun. Çünki bu oyunları oynayanlar, əlbəttə ki, bir daha deyirəm, Azərbaycanla bərabər Türkiyənin də düşmənləridir və o düşmənlərin əlinə biz fürsət verməməliyik. Münasibətlərimizin sonrasına gəlincə isə, əlbəttə ki, heç kəs bizi heç vaxt ayıra bilməyib, bundan sonra da ayıra bilməyəcək. Azərbaycan və qardaş Türkiyə bir-birinə bağlı dövlətlərdir və bizim aramıza girmək istəyənləri də elə aramızdaca əzib bir kənara tullayacağıq".


